• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 24.04.2015 10:10

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub

İkisi İtaliyada, digər oyunları isə Rusiya və Ukraynada reallaşan matçlarda ümumilikdə 11 qol qeydə alınıb.

Gecənin ən maraqlı duelində Zenit doğma meydanda Sevilyanı sınağa çəkib. Qarşılaşmada hesabı 6-cı dəqiqədə qonaqlarda Bakka açıb. Bu futbolçu penaltidən adını tabloya yazdırıb. Bu qol həm də ilk yarının nəticəsini təyin edib. İkinci hissədə isə 3 qol vururlub. 48-ci dəqiqədə Rondon tablodakı rəqəmləri eyniləşdirib. Ardından 72-ci dəqiqədə Halk komandasını hesabda önə keçirib. Belədə iki oyunun nəticəsinə görə görüş bu cür başa  çatsa əlavə hissələrə ehtiyac duyulacaqdı. Amma 85-ci dəqiqədə Qameyro fərqlənərək Zenitin yarımfinal arzusunun üstündən xətt çəkib.

Avroliqanın bir başqa diqqətçəkən qarşılaşması İtaliyada oynanılıb. Fiorentina Dinamo Kiyevi qəbul edib. Oyunda sükut 43-cü dəqiqədə pozulub. Florensiya təmsilçisindən Mario Qomez diqqət mərkəzinə düşüb. Növbəti qol ikinci hissənin sonlarına təsadüf edib. Bu dəfə meydan sahiblərindən Varqas yerli azarkeşləri sevindirib. Beləliklə Fiorentina 2 oyunun cəminə əsasən 3:1 qalib gələrək yarımfinala adlayıb.

Qrup mərəhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" "Olimpiyakos" və "Ayaks"dan sonra "Brügge" səddini də keçməyi bacarıb. İlk oyunda tərəflər qapılarını toxunulmaz saxlamağı bacarsalar da, cavab matçında Ukrayna klubu Belçika təmsilçisini məyus etməyə müvəffəq olub. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Yevgeni Şaxov aktivinə yazdıraraq "Dnepr"i növbəti mərhələyə daşıyıb.

İlk oyunda səfərdə "Volsburq"u 4:1 hesabı ilə məğlub edən "Napoli" rəqibini bu dəfə doğma meydanda qəbul edib. Görüşdə ilk qol 49-cu dəqiqədə gəlib. Meydan sahiblərindən Kalexon hesabı dəyişib. 65-ci dəqiqədə fərq iki topa yüksəlib. Bu dəfə Dires Mertens diqqət mərkəzinə düşən futbolçu olub. Vurduğu qollardan sonra Neapol klubunun arxayınlaşdığını görən almanlar rəqibini ard-arda iki dəfə mərkəzə dəvət edib. Əvvəlcə 71-ci dəqiqədə Timm Klose hesab arasındakı fərqi minimuma endirib. Az sonra isə İvan Perişiç bərabərlik qolunu vurmaqla görüşdə son nöqtəni qoyub. 2:2