• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 23.04.2015 18:21

Nazirliyin sabiq bölmə rəisi külli miqdarda pulu mənimsəməkdə təqsirləndirilir

Fövqəladə Hallar Nazirliyinin sabiq bölmə rəisi dələduzluqda ittiham olunur. O, Bakı şəhər sakininin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilən qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. FHN-dən Baş Prokurorluğa daxil olan eyni məzmunlu müraciət üzrə aparılan araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən sui istifadə etdiyi məlum olub. O, Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirib. Bu barədə şübhələr üçün əsaslar olduğundan fakta görə, Cinayət Məcəlləsinin “külli miqdarda ziyan vurmaqla dələduzluq” maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.