• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2979
— 23.04.2015 14:03

65 yaşlı kitab satıcısı: “Kitaba hər zaman hörmət olub, olacaq...”

Deyirlər ki, ağıllı olmaq üçün 10 kitab oxumaq kifayətdir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır. Bu söz xəzinələrinin oxuculara çatdırılmasında kitab satıcılarının da əməyi böyükdür. Qarşıdakı videomaterialda elə məhz belə insanlardan birini tanıyacağıq...

Zeynalabdu İsrailoğlunu Gəncədə bəlkə də tanımayan olmaz. O, 25 ildən artqıdır ki, Həsən Əliyev küçəsində, elə evinin qarşısında kitab satışı ilə məşğuldur. 65 yaşlı kitab satıcısı ömrünün 23 ilini müəllim kimi fəaliyyət göstərib. Zeynalabdu müəllim son zamanlar kitaba olan marağın azalması fikri ilə razılaşmır və bunu zamanın tələbi ilə əlaqələndirir.

Zeynalabdu İsrailoğlu- kitab satıcısı: "Kitab bir müddət tənəzzül dövrü yaşadı. İndi tərəqqiyə doğru gedir. Alıcıların da sayı get-gedə artır. Kitaba hər zaman hörmət olub, olacaq da.”

Kitab köşkündə fərqli dillər və fərqli janrlarda kitablar görmək olar. Əksəriyyəti köhnə nəşr olan kitabların qiyməti də olduqca münasibdir. Burada 1 manata belə kitab tapmaq olar. Zeynalabdu müəllim eyni zamanda  3 şeir kitabının müəllifidir.

Zeynalabdu İsrailoğlu - kitab satıcısı:

"Vətənimin keşiyində duranlara qurban olum,

Düşmənləri beşiyində qıranlara qurban olum.

Haqq yandırıb çırağımı,

Tarix verər sorağımı...

Yenilməyən bayrağımı soranlara qurban olum".

Xatırladaq ki, bu gün Ümumdünya Kitab və Müəllif Hüquqları günüdür. Bu tarix YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. Azərbaycanda isə 1997-ci ildən qeyd edilir.

Gülnar Fazilqızı