• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2983
— 17.09.2014 03:01

Gədəbəydə 18 oğurluq faktının üstü açılıb

Gədəbəydə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar 3 ay ərzində müxtəlif şəxslərə məxsus 11 baş iri və 12 xırda buynuzlu heyvan oğurlayıblar. Sonuncu dəfə qonşularının mal-qarasına göz dikən dırnaqarası qəhrəmanlar iş başında yaxalanıblar. 
Gədəbəy sakinləri Yolçu Rəhimov və Ramin Bayramov otlaq sahələrində sahibsiz olan mal-qaralara qənim kəsiliblər. Onlar bu ilin may ayından başlayaraq avqust ayının sonunadək planlı şəkildə müxtəlif şəxslərə məxsus xeyli sayda mal-qara oğurlayıblar. 

Yavər Vəliyev- zərərçəkən şəxs: “Heyvanları örüş sahəsinə buraxdıq. Axşam heyvanlardan biri gəlmədi. Nə qədər axtardım tapa bilmədim. Sonda polisə məlumat verdim. Bunlar da mənim heyvanımı tapıb gətirdilər”.

Yolçu Rəhimov və Ramin Bayramov oğurladıqları mal-qaranı birinicyə məxsus avtomobillə Şəmkir rayonuna gətirərək orada tanımadıqları şəxslərə dəyər-dəyməzinə satıblar. Beləcə xeyli miqdarda pul əldə edən ortaqlar həmin məbləği öz aralarında bölüblər. 

Yolçu Rəhimov- saxlanılan şəxs: “11 dana oğurlayıb Şəmkir rayonunda müxtəlif şəxslərə satdıq. Sonra pulunu böldük. Daha sonra xırda buynuzlu heyvanları da bir qayda olaraq oğurlayıb satırdıq”. 
Ramin Bayramov- saxlanılan şəxs: “Yolçu ilə məsləhətləşib kəndimizin ərazisindən 11 baş heyvan oğurlayıb satdıq. Əməlimdən çox peşmanam”.

3 ay ərzində 17 müxtəlif şəxsə xeyli miqdarda ziyan vuran dırnaqarası qəhrəmanlar sonuncu cinayət əməlini qonşuluqda törədib. Ancaq bu dəfə onlar niyyətlərini sona çatdıra bilməyib. 

Ramiz Əliyev- müstəntiq: “Rəhimov Yolçu Kərəm oğlu və Bayramov Ramin Kamran oğlu 2014- cü ilin may ayının əvvəllərindən 2014- cü ilin avqust ayının sonunadək rayonun müxtəlif yerlərindən vətəndaşlara məxsus 11 baş iri buynuzlu və 12 baş xırda buynuzlu mal-qaraları oğurlayıblar. Həmin şəxslər tərəfimizdən şübhəli kimi saxlanılıb. Onların digər cinayətlərdə əlinin olub- olmaması araşdırılır”.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.