• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 17.09.2014 02:49

Det-al Alüminium Zavodunda işçilərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün yeni layihələr hazırlanır

Gəncədə yerləşən Det-al Alüminium zavodu respublikada aparılan sənayeləşmə siyasətinin nəticəsi kimi dəyərləndirilir. Zavodun işə düşməsi nəticəsində Qərb bölgəsində 900 yaxın yeni iş yeri açılıb. Müəssisədə çalışan işçilərin təhlükəsiz iş şəraiti ilə təmin edilmələri, zavodun ətraf mühitə təsiri və ümumiyyətlə Det - AL Alüminiumun yeni planları ilə bağlı qaşıdakı sujetdə.

Det-al MMC-də qarşıya qoyulan məqsədlərdən biri də işçilərin təhlükəsizliyinin təmin edilməsidir. Ağartı məhsullarının verilməsi, pulsuz nəqliyyat vasitəsi ilə təminat, texniki tələblərə uyğun olaraq işçilərin bilik səviyyələrinin yoxlanılması təxminən 900-ə yaxın işçi personalı olan zavodda qəza hadisələrinin minimuma endirilməsinə xidmət edir.

Rasim Yusifov -Det-al MMC-nin Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin meneceri: “Ötən illə müqayisədə zədələnmə halları minimuma endirilib. Bu müəssisədə sağlam iş şəraitinin olmasından xəbər verir. İl ərzində 3-4 kiçik qəza halları olur ki, bu da hansısa texniki nasazlıqdan yarana bilir. Bunların da qarşısının alınmasına çalışırıq”.

Yaxın zamanlarda yeni elektroliz korpuslarının tikintisi nəzərdə tutulur ki, bunun sayəsində əlavə olaraq 700- dən 1000 nəfərə qədər işçi qəbulu planlaşdırılır. Zavodda çalışanların xüsusi göndərişlə müalicə və istirahətlə təmin olunma imkanları da var.

Rasim Yusifov -Det-al MMC-nin Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin meneceri: “Bu il 70- dən artıq işçinin göndəriş vərəqləri müxtəlif sanatoriyalara yazılıb. Ötən il isə 90-dan artıq işçini yollamışıq. Hazırda il yekunlaşmayıb, odur ki, növbəti göndəriş vərəqləri olacaq. İşçilərin məzuniyyət dövrü çatdıqca sanatoriyalara yollanılacaq”.

Göndərişlər hələlik respublika daxili sanatoriyalara verilir. Lakin gələcəkdə işçilərin digər MDB ölkələrinə göndərilməsi də nəzərdə tutulub. Ətraf mühitin mühafizəsinə gəldikdə isə, zavodda müasir standartlara cavab verən ən son qurğular quraşdılıb ki, burada da məqsəd istehsalatdan ayrılan qazların tutularaq yenidən emala verilməsidir.

Rasim Yusifov -Det-al MMC-nin Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin meneceri: “Bizim prosesdə ətraf mühitə atılan qazlar tutularaq təkrar emala verilir. Bunun bizim texnoloji proses üçün böyük əhəmiyyəti var, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısını alır. Hazırda bütün avadanlıqların ətraf mühit üçün normadan artıq toz və qaz, titrəyiş və ya digər faktorlar buraxması ilə bağlı heç bir fakt aşkar edilməyib”.

Artıq bir ildir ki, zavod ətrafında 141 hektar ərazidə 50 sm qalınlığında torpaq tökülür. Bunun nəticəsində yaxın illərdə zavodun qırmızı tozu havaya qalxmayacaq, torpaq qatı ilə tam örtüləcək. Gələcək planlarla bağlı yeniliklərə gəldikdə isə, gələn ilin sonuna zavodun istehsal gücü 50 min tondan 100 min tona çatdırılacaq. Cari ilin noyabr ayından isə 6 çeşiddə yeni tikinti konstruksiya profillərinin istehsalına başlanılacaq.

Xəyalə Mürsəl