• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 17.09.2014 02:47

Azərbaycanda quşçuluq intensiv olaraq inkişaf edir

2008-15-ci illərdə əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına əsasən ölkədə 300 min ton ət istehsalı nəzərdə tutulub ki, 2013-cü ildə bu göstərici 286 min tona çatdırılıb. Xüsusilə quş ətinin istehsalı 80 min ton nəzərdə tutulub ki, ötən ilin sonunda qeydə alınan quş əti istehsalının çəkisi hədəfdən artıq - 97,5 min ton olub. Bu göstərici ilə bağlı Qərb regionunun payı, ümumiyyətlə ölkədə quş əti istehsalı haqda daha ətraflı qarşıdakı süjetdə.

Quşların baş sayına nəzər salsaq görərik ki, ümumi respublika üzrə 25 milyondan artıq quş varsa, bunun 2,5 milyonu Qərb zonasının payına düşür. Bu da ümumi göstəricinin 10%-ni təşkil edir. Dünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan filialının sədri Mahir Hacıyev deyir ki, Qərb zonasında quşlar daha çox əhali tərəfindən fərdi təsərrüfatlarda yetişdirilir.

Mahir Hacıyev -Dünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan filialının sədri: “Qərb zonasında quşçuluğun inkişafı sürətlə gedir. Müəyyən fabriklər açılıb, dövlət proqramına əsasən respublikanın Qərb zonasında 11 quşçuluq fabrikinin açılması nəzərdə tutulub ki, bunun da faktiki olaraq 6-sı artıq fəaliyyət göstərir. Bunun timsalında Gəncə, Samux quşçuluq fabrikini, o cümlədən Samux və Şəmkirdə yerləşən bir neçəsi var. Qərb zonasında quşçuluq əsasən fərdi təsərrüfatlarda inkişaf edib”.

Qərb zonasında quşçuluq fərdi təsərrüfatlarda daha çox inkişaf etsə də, hazırda ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin sayı 40-dan artıqdır. 2005-06-cı illərdə respublikaya 30% quş əti məhsulları idxal edilirdisə, bu gün onun sayı 7-8%-dir.

Mahir Hacıyev -Dünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan filialının sədri: “Son zamanlar respublikada quşçuluq məhsullarının istehsalı 1,5 dəfə artıb, sənaye üsulu ilə istehsal olunan məhsulların miqdarı 2,5 dəfə artım gözlənilir. Əgər respublikada son dövrlərdə 97,5 min ton ət istehsal olunubsa, bunu diri çəkiyə çevirsək, görərik ki, rəqəm 132 min tona çatdırılıb. Dövlət proqramına əsasən yumurta ilə bağlı hədəf 1 milyard 300 milyon ədəd idisə, bu gün artıq yumurta istehsalı 1 milyard 400 milyona çatıb”.

Ötən il respublikada 1 milyard 401 milyon ədəd yumurta istehsal olunub. Qərb zonasında istehsal olunan yumurtanın sayı isə 175 milyona çatıb. Elə son illər quş ətinin və yumurtanın qiymətində müşahidə olunan sərfəli qiymət ölkədə ətlik və yumurtalıq quşçuluq fabriklərinin inkişafından xəbər verir.