• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4242
— 17.09.2014 02:46

Pambıqçılıqla məşğul olan fermerləri stimullaşdırmaq üçün mütəxəssislər çıxış yolu axtarır

Qlobal iqlimin ən çox ziyan vurduğu pambıqçılıq sahəsində isti hava şəraiti ilə bərabər, xaricdən gətirilən sortlar da məhsuldarlığı aşağı salıb. Pambıqçılar üçün keçirilən seminar-müşavirədə mütəxəssislər fermerlərə istiqamətləndirməyi vacib hesab edib. 
Fermer pambığı becərir, sonra ya məhsul əlində qalır, ya da onu maya dəyərindən də aşağı qiymətə satmalı olur. Belə tendensiya son illər pambıq sahəsinin tənəzzülünə gətirib çıxarıb. Buna görə fermerləri stimullaşdırmaq üçün mütəxəssislər çıxış yolu axtarır. 
Həsənəli Aslanov -Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru: “Yaxşı olardı ki, pambıqçılığın emal sənayesi yaradılsın. Bu emal sənayesi isə yüz minlərlə yeni iş yeri deməkdir. Biz hesablamışıq. Respublikada pambıq əkin sahələri 100 min hektara çatdırılarsa, dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil etmək olar”. 
Ənənəyə uyğun olaraq bu il də Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun təcrübə sahəsində keçirilən seminar-müşavirədə mütəxəssislər məhsulun xəstəliklərə, ziyanvericilərə qarşı mübarizə yollarından, yerli məhsuldarlığın üstünlüklərindən danışıblar. 
İlqar Zeynalov- kənd təsərrüfatı elmləri namizədi: “İndi xaricdən yeni sortlar gətirirlər. Bu da fermerləri çaşbaş salır, onlar yeni toxum yetişdirməyə meyillənmirlər. Xarici sortlar isə, gec yetişən olur, sahənin təmizlənməsini ləngidir və s.”.
Xarici toxumların qeyri-perspektivliyi nəzərə alınaraq Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda bu gün keçirilən seminar-müşavirədə yerli toxum sortları nümayiş etdirilib. Seminarda daha məhsuldar, respublikasının hər bir iqliminə uyğun yetişdirilən “Gəncə-2”, “Gəncə-8”, “Gəncə-78”, “Gəncə-110”, “Gəncə-103” pambıq sortlarını fermerlərə təklif ediblər.

Aymirə İsmayılqızı