• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4129
— 25.11.2014 12:43

Ölkədə pambıqçılığın durğunluq dövrünü yaşaması istehsal sahələrinə də təsirsiz ötüşmür

Azərbaycanda yüngül sənayenin inkişafı son illər daha da aktuallaşıb. Bu baxımdan vaxtilə Gəncədə mövcud olan, lakin işini dayandıran müəssisələrin bir qismi fəaliyyətini yenidən bərpa etməyə başlayıb. Belə müəssisələrdən biri də Gəncə Tekstil Fabrikidir. Fabrikdə istehsal edilən məhsulların əsas xammalını pambıq təşkil edir. Ancaq pambıqçılığın durğunluq dövrünü yaşaması fabrikin istehsal sahəsində də təsirsiz ötüşmür.

Hər inkişafın bir tənəzzülü var. Bir zaman adına musiqi bəstələnib, filmlər çəkilən ağ qızılımız bu gün bəlli bir inkişaf dövründən sonra tənəzzülünü yaşayır. Bəs buna səbəb hansı amillərdir?!

Ölkəmizdə pambıq istehsalının ildən-ilə azalması danılmaz faktdır. Dövlət Statistika Komitəsinin son 3 ildə pambıq əkini üçün ayrılan sahələr və pambıq istehsalı ilə bağlı statistik göstəricilərinə nəzər salaq. 2011-ci ildə 42,8 min ha ərazi, 66,4 min t məhsul,  2012-ci ildə 29,2 min ha ərazi, 57 min t məhsul, 2013-cü ildə isə 23,5 ha ərazi və 45,2 min t məhsul. Bu ilin göstəricisinə gəlincə isə...

Həsənəli HəsənovAET Pambıqçılıq İnstitutunun direktoru: “Bu gün demək olar ki, pambıqçılığın tənəzzül dövrüdür. 2014 –cü ildə 23 min ha ərazidə pambıq əkilib, noyabrın birinə kimi isə 35 min t pambıq istehsal edilib”.

Gəncə Tekstil fabrikində çalışan mütəxəssislər də son illər ölkədə pambıq istehsalının aşağı düşdüyü qənaətindədirlər.

İsmayıl Əmiraslanov– Pambıq sexinin rəisi: “İndi pambıq tələbatı ödəmir, ötən ilkindən azdır. Çünki ötən il bu vaxt 40, 50 t mahlıc almışdıq, bu il isə ümumiyyətlə mahlıcımız yoxdur”.

Bu ilin 6 ayı ərzində fabrik 10 t Zərdabdan, 18 t isə Saatlıdan olmaqla ümumilikdə 28 t xammal alıb. Qeyd edək ki, fabrikdə 6 istehsal sexi fəaliyyət göstərir. Sexlərdə müəyyən proseslərdən keçirilən mahlıcdan tibbdə istifadə edilən qablaşdırılmış pambıq və cuna istehsal edilir. Bu ilin sentyabr ayında fabrik 57.200 m, oktyabr ayında isə 64.900 m cuna istehsal edib.

Hər halda, bu gün ağ qızılımız yerində sayaraq, qara günlərini yaşayır. Bir zaman dəyəri qızılla ölçülən sərvətimizin yenidən dəyərləndirilməsi ümidi ilə...

Zülfiyyə Telmanqızı