• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3504
— 24.11.2014 12:02

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun görüşlərinə start verilib

İlk oyun günündə, lider "Qarabağ" doğma meydanda, "Simurq" isə səfərdə qələbə qazanıb.

13-cü turun görüşləri çərçivəsində "Qarabağ" AZAL-ı sınağa çəkib. Matçda hesab 29-cu dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində İlqar Qurbanov hücumu qolla tamamlayıb. 56-cı dəqiqədə fərq iki topa yüksəlib. "Təyyarəçilər"in heyətində Eltun Yaqublu topu öz qapısına yollayaraq avtoqol müəllifinə çevrilib. 61-ci dəqiqədə qonaqlar buraxılan qollardan birinin əvəzini çıxıb. Rəşad Abdullayev təyin olunan onbirmetrlik cərimə zərbəsindən fərqlənməklə görüşdə son nöqtəni qoyub. 2:1

Turun digər görüşündə "Simurq" səfərdə "Qəbələ"nin qonağı olub. Qarşılaşmada azarkeşlər ilk qola 7-ci dəqiqədə şahidlik ediblər. Marko Stayanoviç cərimə zərbəsini mükəmməl yerinə yetirib. 40-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyi bacarıb. Ekiqo Ehiosun diqqət mərkəzinə düşən futbolçu olub. Qarşılaşmanın son dəqiqələri daha maraqlı məcrada keçib. Belə ki, əvvəlcə 79-ci dəqiqədə Zaqatala klubunun heyətində Draqan Çeran komandasını hesabda irəli çıxarıb. 3 dəqiqə sonra bu futbolçu rəqib müdafiəçilərin səhvindən maksimum istifadə edərək dublla yadda qalıb. Oyunun sonuna əlavə olunan dəqiqələrdə "Qəbələ"nin heyətində Bəxtiyar Soltanovun aktivinə yazılan qol "Simurq"un qələbəsinə mane olmayıb. "Qəbələ" 2- "Simurq" 3

Tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq. Saat 17:00-da başlayacaq matçda derbi həyəcanı yaşanacaq. Burada "Xəzər Lənkəran" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Eyni saatda reallaşacaq digər qarşılaşma Sumqayıtda yerli komanda ilə "Bakı" arasında keçiriləcək. Qeyd edək ki, bu tur "İnter" istirahət edəcək.