Bu günə xəbərlərin oxunma sayı: 890
— 22.11.2014 11:19

Sülhüllü

Xəmir üçün:

1 kq. un

Duz

Su

Üzəri üçün:

1 kq. qurudulmuş ət

3-4 ədəd alça qurusu

Hazırlanma qaydası: Əvvəlcə qurudulmuş ət duzlu olduğuna görə onu soyuq suda 1 saat isladırıq. Sonra qazana əlavə edib üzərinə soyuq su və alça qurusunu töküb bişiririk. Hazır olanda ət bir az sulu vəziyyətdə olmalıdır.

Xəmiri hazırlamaq üçün unun üzərinə duz və yavaş-yavaş su əlavə edib yumşaq, ələyapışan xəmir yoğururuq.

Sonra xəmirdən kiçik küdələr edib, xırda lülə formasına salıb, xırda –xırda doğrayırıq. Masanın üzərinə bol un əlavə edib, tək-tək kəsilmiş xəmirlərin üzərinə barmağımızı möhkəm basmaqla özümüzə sarı çəkərək sülhüllülər hazırlayırıq.

Böyük bir qazanda su qaynadıb, üzərinə bir az duz səpib xəmirləri su qaynaya-qaynaya əlavə edib, bişənə kimi, təxminən 15-20 dəqiqə müddətində qaynadırıq. Xəmirlər hamısı bişdikdən sonra süzüb, boşqablara çəkib, üzərinə kənarda hazırladığımız ətli içliyi əlavə edirik. Nuş olsun!