• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4315
— 21.11.2014 16:52

Gəncə şəhər Məşğulluq Mərkəzində əhalinin işlə təminatı mövzusunda növbəti tədbir keçirilib

Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün Dövlət Məşğulluq xidməti bir sıra işlər həyata keçirir. Bura işsiz vətəndaşların münasib işlə təmin edilməsi, ixtisas dəyişmə, peşə hazırlığı kurslarına cəlb edilmə də daxildir. Gəncə şəhər Məşğulluq Mərkəzində bu qəbildən olan növbəti tədbir təşkil olunub.

Gəncə şəhər Məşğulluq Mərkəzində təşkil olunan toplantıda 50-yə yaxın dövlət müəssisəsinin kadrlar şöbəsinin əməkdaşları iştirak edib. Yığıncaqda vətəndaşların işlə təmin olunması, müəssisələr tərəfindən aylıq hesabatların vaxtında təqdim edilməsi, müəssisələrdə olan vakant iş yerlərinin gizlədilməsi barədə müzakirələr aparılıb və bu xoşagəlməz halların aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Abil Tağıyev -Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru: "Biz hər dəfə kadrlar şöbələrini yığırıq, onlarla mütəmadi iclas aparırıq ki, vətəndaşların işlə təmin olunması və boş iş yerlərinin gizlədilməməsi, işaxtaranların işlə təmin olunması üçün köməklik göstərsinlər".

Gəncədə 800-dən artıq müəssisə fəaliyyət göstərir. 224 minə yaxın əmək qabiliyyətli insanlardan 163 minə yaxını məşğul əhali kimi qeydə alınıb. Hazırda şəhər Məşğulluq Mərkəzində 3119 işaxtaran vətəndaş münasib iş növbəsindədir. Onlardan 588 nəfərinə rəsmi işsiz statusu verilib. Mərkəzin göndərişi ilə bu ilin 10 ayı ərzində 497 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib. Bu müddət ərzində hesabatlarını gecikdirən 25 müəssisədə araşdırma aparılıb, onlardan 21-də qayda pozuntuları aşkar olunaraq cərimə sanksiyaları tətbiq olunub. Əlavə olaraq 20 müəssisəyə bildiriş, 23 müəssisəyə isə xəbərdarlıq məktubu göndərilib. 

Gülnar Fazilqızı