• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3421
— 19.11.2014 18:42

Paytaxt polisi çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törətmiş 3 nəfəri yaxalayaraq məsuliyyətə cəlb edib

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törətmiş 3 nəfəri yaxalayaraq məsuliyyətə cəlb edib.

Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov, Muxtar Rəhimov və Bakı şəhər sakini, 24 yaşlı Samir Yadigarovun 100-ə yaxın müxtəlif cinayətlər törətdiyi istintaqla sübuta yetirilib. Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına quldur basqını ediblər. Onlar gecə saatlarında mağazanın yaxınlığına gələrək başlarına maska keçiriblər. Rəhman Məmmədov mağazanın gözətçisini yerə yıxaraq əl ayağını bağlayıb. Muxtar Rəhimovla Samir Yadigarov isə içəri daxil olaraq içərisində külli miqdarda pul olan seyfi götürüblər.

Qrup üzvləri seyfi Çermet körpüsü adlanan əraziyə gətiriblər. Onlar seyfi sındıraraq içərisindəki 23 min manat pulu mənimsəyiblər. Pullar elə oradaca bölüşdürülüb. İstintaq araşdırmaları zamanı daha sonra müəyyən edilib ki, bu ilin avqust ayında Fətəli Xan Xoyski küçəsində yerləşən valyuta dəyişmə məntəqəsinə basqını da bu qrupun üzvləri həyata keçiriblər. Onlar gecə saatlarında valyutadəyişmə məntəqəsinin qapısını sındırıb içəri giriblər. Bu dəfə də içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Seyfi sındıran qrup üzvləri 4500 manat pulu talayıblar.

O da məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl vətəndaş Qönçə Məmmədovaya zor tətbiq edərək 8300 manat pulunu də soyub. Onlar daha sonra son bir il ərzində 20-yə yaxın vətəndaşın da külli miqdarda pullarını və qızıllarını soyğunçuluq yolu ilə ələ keçiriblər. Saxlanılan şəxslər ifadələrində həmçinin qeyd ediblər ki, bir neçə vətəndaşa məxsus evdən və avtomobildən də oğurluqlar ediblər. Faktlarla bağlı cinayət işi açılıb.