• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 18.11.2014 18:10

Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana növbəti narkotik girişinin qarşısını alıb

Biləsuvar rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə satmaq istəyən şəxslər saxlanılıb. Narkotik maddələr İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilib.  Zərdabda isə 55 yaşlı narkotik istifadəçisi yaxalanıb.

Biləsuvar rayonu Amankənd kəndinin ərazisində keçirilən əməliyyat zamanı İran vətəndaşı, 38 yaşlı Həmid Qureyşi 6 kiloqrama yaxın tiryəyi satmaq istəyərkən yaxalanıb. Həmid Qureyşi ilkin ifadəsində bildirib ki, narkotik maddəni İranda tanışından alıb. Daha sonra isə başqa bir həmyerlisinə verərək qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirməyi tapşırıb. Tiryək Biləsuvar rayonu ərazisinə gətirilərək kimsəsiz ərazidə basdırılıb. Bundan sonra Həmid Qureyşi Biləsuvara gələrək narkotik maddəni basdırıldığı yerdən çıxarıb və satmaq üçün müştəri axtarıb.

Biləsuvar polisinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə həyata keçirdikləri digər əməliyyat nəticəsində isə Yardımlı rayonu ərazisində narkotik maddələrin satışının qarşısı alınıb. Bakı şəhər sakini, 34 yaşlı Əzməmməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb və onun əlindəki bağlamadan 1 kiloqram tiryək, 6 kiloqram həşiş qətranı aşkarlanaraq maddi sübut kimi götürülüb. Əzməmməd Məmmədov ifadəsində bildirib ki, narkotik maddəni ona İranda tanış olduğu bir nəfər qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxs həşiş və tiryəyi Yardımlı rayon Perimbel kəndində təhvil alıb.

Zərdab polisinin çevikliyi nəticəsində isə, rayonun Bıcaqçı kənd sakini 55 yaşlı narkotik istifadəçisi  Tarverdi Mirzəyev  saxlanılıb. 55 yaşlı Tarverdi Mirzəyev bu yaşında  tutduğu əməlindən peşman olduğunu bildirib. Saxlanılan şəxsin narkotik vasitənin hardan və necə əldə etməsi  istiqamətində Zərdab polisi əməliyyat tədbirlərin davam etdirir.

Faktlarla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

 

Bahadur Şakiroğlu