• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3003
— 17.11.2014 19:10

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən komitənin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələr barədə  məlumat daxil olub. Məlumata əsasən, Əməliyyat İdarəsində yaradılmış əməliyyat qrupu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində birgə əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı Azərbaycan vətəndaşı Elməddin Rzayev şərti alıcıya bir ədəd polietilen torbanın içərisində olan narkotik vasitəni -həşiş qətranını satarkən əməliyyat qrupu tərəfindən saxlanılıb. Baxış zamanı bir ədəd polietilen torbanın daxilindən on bir ədəd müxtəlif ölçülü, dördkünc formalı, şəffaf polietilenə bükülmüş spesifik rəngə və qoxuya malik, ümumi çəkisi 4 kiloqram 600 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq protokol əsasında götürülüb. Fakt üzrə ilkin araşdırılma zamanı Elməddin Rzayev izahat verərək törətdiyi qanunsuz əməlləri etiraf edib, külli miqdarda narkotik vasitəni İranda əldə edərək satmaq məqsədilə Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyini bildirib. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.