• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 17.11.2014 16:14

Yaxın gələcəkdə Gəncə-Qazax regionunun şəhər və rayonları dotasiyadan asılı qalmayacaq

Məlum olduğu kimi 6 şəhər və rayona dövlət büdcəsindən dotasiya ayrılmır. MM-nin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, öz tələbatlarını daxili imkanlar hesabına ödəməyə qadir şəhərlərin siyahısı yaxın vaxtlarda genişlənəcək.

Daxili gəlirlər hesabına formalaşan Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron, İmişlinin sırasına Naftalan şəhəri də əlavə ediləcək. Bu Naftalanda son dövrlər tibbi turizmin inkişafı sayəsində mümkün olacaq.

Ziyad Səmədzadə- MM-nin İqtisadi Siyasət Komitəsinin sədri: “Naftalan yaxınlaşıb. Yəqin ki, yaxın zamanlarda Naftalan şəhəri öz gəlirləri ilə öz xərclərini təmin edəcək. Çünki, dünyanın ən gözəl müalicə ocaqları orada yerləşir. Təbii ki, ora gələnlər artacaq, pul xərcləyəcəklər. Bunun müqabilində artım olacaq”.

Hazırda Qərb zonasının şəhər və rayonlarına dövlət büdcəsindən 200 milyon manata qədər dotasiya ayrılır. Regionda formalaşan gəlirlər isə bu rəqəmdən iki dəfə azdır.

Ziyad Səmədzadə- MM-nin İqtisadi Siyasət Komitəsinin sədri: “Bayaq hesablama apardım - Gəncə-Qazax zonasında formalaşan, yəni büdcəyə daxil olan gəlirlərlə xərclər arasında iki dəfədən çox fərq var. Yerli xərclər hələ yerli gəlirləri ödəmir. Buna görə də dövlət öz büdcəsi vasitəsilə regionlara dotasiya ayırır. Hələlik bu dotasiya lazımdır, regionlar inkişaf etməlidir, daha sonra təbii ki, bütün regionlar mənfəətlə işləyəcək”.

Millət vəkilinin fikrincə sahibkarlığın inkişafı, yeni zavod və müəssisələrin açılması hesabına vergiyə cəlb olunma artacaq və Gəncə-Qazax regionunun şəhər və rayonları da dotasiyadan asılı qalmayacaq.