• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3370
— 17.11.2014 16:12

Gəncədə 17 noyabr Milli Dirçəliş Günü qeyd olunur

Ölkənin hər yerində olduğu kimi Gəncədə də 17 noyabr Milli Dirçəliş Günü qeyd olunur. Bu münasibətlə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetlərində tədbir təşkil olunub.

Gəncə Dövlət Universitetində təşkil olunan yığıncaqda ali təhsil ocağının professor, müəllim heyəti və tarix-coğrafiya fakultəsinin tələbələri iştirak edib. Tədbirdə Azərbaycanın milli dirçəliş tarixinə nəzər salınıb. Tarixin sınaqlarından üzü ağ çıxan Azərbaycan xalqının qəhrəmanlığından bəhs edilib. Milli dirçəliş hərəkatının öyrənilməsi, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Hüseyn Bəxtiyarov -GDU-nun dosenti: "Bu gün bu tarix öyrənilir, öyrədilir. Gənc tarixçilər bu məsələni gələcək nəsillərə çatdırmaq üçün araşdırmalar aparır. Bu baxımdan da bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir və davamlı olacaq".

Milli Dirçəliş Günü Azərbaycan Texnologiya Universitetində də qeyd edilib. Çıxış edənlər Milli Dirçəliş Gününün əsasının 1988-ci ildə qoyulduğunu bildiriblər. Qeyd olunub ki, məhz həmin ilin 17 noyarında Bakıda Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardığına görə cəmiyyətin davamlı mitinqi başlayıb.  

Gülsüm Fətəliyeva -ATU-nun prorektoru: "Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün ayağa qalxdı və müstəqil Azərbaycan qurmaq uğrunda mübarizəyə qoşuldu. Bu meydan hərəkatında Azərbaycan xalqı bir yumruq kimi birləşməyə başladı".

Milli dirçəliş hərəkatının Respublikamızın istiqlaliyyət qazanmasında hansı əhəmiyyətə malik olduğu müzakirə olunub. Rəsmi hissədən sonra tədbir tələbələrin hazırladığı konsert proqramı ilə davam edib.

Gülnar Fazilqızı