• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 16.11.2014 15:24

Ölkə başçısı Şəmkirdə bir sıra ölkə əhəmiyyətli açılışlarda iştirak edib

Şəmkirdə ölkə üçün əhəmiyyət daşıyan hadisə - dəryaça və elektrik stansiyası işə salınıb. Aqroparkın təməli qoyularaq çörək zavodunun açılışı olub. Prezident İlham Əliyevin Şəmkirə səfəri şərçivəsində hərbi şəhərciyin qərargah binası da istifadəyə verilib. Ali baş komandan operativ müşavirə keçirib.  

Su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışı bütün region üçün əlamətdar hadisədir. Gücü 25 meqavat olacaq stansiya ildə 56 milyon kilovat elektrik enerjisi istehsal edəcək. Ümumi su tutumu 164,5 milyon kubmetr olan su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay 71 mindən artıq torpaqların suvarılmasına, eləcə də Gəncə və Şəmkir şəhərləri, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılmasına xidmət edəcək. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən belə layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını bildirib.

Təməli qoyulan “Şəmkir Aqropark”ı isə 543 hektar ərazidə yaradılacaq. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.

Prezident İlham Əliyev Şəmkirdə Çörək zavodunun da açılışını edib. Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunan və böyük istehsal gücünə malik çörək zavodu 2,8 hektar ərazidə inşa olunub. Dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Zavodda ilkin olaraq 15 növ məhsul istehsal olunacaq. Gündəlik layihə gücü 50 ton olan müəsisədə istehsal prosesi tam avtomatlaşdırılıb və 100-dək yeni iş yeri açılıb.

Ali Baş Komandan İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunan qərargah binasında yaradılan şəraitlə də tanış olub. Üçmərtəbəli bina ordu birliyinin tabeliyindəki birləşmə və hissələrin idarə olunması, idarə heyətinin generalları, zabit və gizirlərin xidmət aparmaları üçün təyin edilib. Dövlət başçısı keçirdiyi operativ müşavirdə isə bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatını pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Hərbi hissənin ərazisində hərbi qulluqçular üçün nəzərdə tutulan tam təmirli 50 xidməti mənzildən ibarət beşmərtəbəli bina da inşa olunub.