• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 15.11.2014 16:23

Regionun həyatı üçün önəm daşıyan hadisə- Şəmkirçay Dəryaçasının açılışı olub

Qərb regionunda səfərdə olan Prezident İlham Əliyev ötən gün Gəncədə məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin bu gün isə Şəmkirdə region üçün əhəmiyyət daşıyan Şəmkirçay dəryaçasının açılışını edib.

Gəncə 600 məcburi köçkün ailəsi üçün 60 ha ərazidə salınan yeni qəsəbədə inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da tikilib. Prezident İlham Əliyev Gəncə və şəhərin Hacıkənd qəsəbəsindən köçürüləcək məcburi köçkünlər üçün 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzillərə baxaraq 50 yerlik uşaq bağçasında təlim-tərbiyə ilə məşğul olmaq üçün yaradılan şəraitlə tanış olub. Xocalı rayon Kosalar kənd tam orta məktəbində də şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb.

Şəmkir rayonunda su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışı isə bütün region üçün əlamətdar hadisədir. Stansiyanın gücü 25 meqavat olacaq və ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Bununla Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını bildirib. Dövlət başçısı ölkədə aparılan islahatlar nəticəsində Azərbaycanın dünyada böyük nüfuz qazandığını və gələcəkdə belə layihələrin icrasının davam etdiriləcəyini qeyd edib.