• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 15.11.2014 11:41

II Beynəlxalq Aşıq Festivalının iştirakçıları bu dəfə də Tovuzda toplaşıblar

İkinci Beynəlxalq Aşıq Festivalının  iştirakçıları, bu dəfə sazın, sözün beşiyi sayılan Tovuzda toplaşıblar. Şəhərdə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Aşıq Festivalının iştirakçıları konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramında tarixin dərin qatlarından üzü bəri xalqımızın taleyi ilə birgə addımlayan ozan sənətinin mənəvi dəyərlərimizin özəyini təşkil etdiyi vurğulanıb. Aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Azərbaycanda ikinci dəfə təşkil edilən beynəlxalq festivala Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar da qatılıb.

Tovuz Musiqi Məktəbinin “Misri” gənc aşıqlar qrupu da öz çıxışlarını təqdim edib. Türkiyəli aşıq Günay Yıldızın Mikayıl Azaflının sözlərinə oxuduğu “Gözlərim”, İran aşıqlarının ifa etdiyi “Azərbaycan” mahnısı tamaşaçılarda xoş ovqat yaradıb. Konsert proqramında ümumilikdə 50 nəfərə yaxın aşıq iştirak edib. Aşıqların növbəti toplanış yeri Qazax rayonu olacaq.

Rahim İbrahimoğlu