• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4675
— 14.11.2014 01:49

Gəncə və Tovuzda baş vermiş avtoqəzalar nəticəsində 3 nəfər xəsarət alıb

Gəncədə Silahlı Qüvvələrin hərbi qulluqçusu qəza törədib. Tovuzda isə sürətlə idarə olunan "Vaz 21015" markalı avtomobil işıqforun qırmızı işığında dayanmadan digər avtomobilə, daha sonra isə avtomobil hissələri satılan mağazaya çırpılıb. Avtoqəzalarda xəsarət alanlar var.

Gəncə şəhəri Atatürk prospektində ötən gecə saat 23:00 radələrində prospektlə aşağı istiqamətdə hərəkətdə olan 37 yaşlı Nəsimi Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobil Muxtar Hacıyev küçəsinin kəsişməsində yolun sağ hissəsində olan səkiyə və ağaca çırpılıb. Sürücünün idarəetməni itirməsi səbəbindən baş verən avtoqəza zamanı avtomobil daha sonra yolun kənarında saxlanılan “RAF” markalı kiçik tutumlu mikroavtobusa dəyib. Hadisə nəticəsində “Mercedes” markalı avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı kəllə-beyin travması alan “Mercedes”in sürücüsü Nəsimi Cavadov Azərbaycan  Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğundan hospitala yerləşdirilib.

Tovuzun Heydər Əliyev prospektində isə Qazax rayon sakini İmran Tanrıverdiyevin idarə etdiyi  avtomobil rayon sakini Vüsal Sultanovun minik maşını ilə toqquşub. Daha sonra "Vaz 21015"  mağazaya çırpılaraq pəncərənin şüşələrini sındırıb. Satıcı və müştərilər qəzadan zərər görməsələr də, avtomobillərdə olan sərnişinlər xəsarət alıblar. Qəza nəticəsində xəsarət alan "Vaz 21015"-in sürücüsünün həyat yoldaşı Xuraman Tanrıverdiyeva, "Vaz 21-11"-in sərnişini Hamaya Bağırova və sürücü İmran Tanrıverdiyev Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.

Qəzaya səbəb "Vaz 21015"-in əyləc sistemində yaranan nasazlıq olub. Maşının sürətinə hakim ola bilməyən sürücü qəzadan qaça bilməyib.

Hər iki avtoqəzayla bağlı araşdırma aparılır.