• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 13.11.2014 22:32

Qadın voleybolçular arasında Avrokuboklarda çıxış edən daha 3 komandamız mübarizəyə qoşulub

Azərreylin "Çelenc cup"ın II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxdığı oyun günü Azəryol və Rabitə Çempionlar Liqasında, Lokomotiv isə CEV kubokunda ilk oyununu keçirib. Günün ilk görüşündə Azərreyl Avstriya təmsilçisi “İnsbruk”la üz-üzə gəlib. İlk oyunda quru hesabla qələbə qazanaraq növbəti mərhələni böyük ölçüdə özünə təmin edən Vüqar Əliyevin yetirmələri bu görüşdə də rəqibinə heç bir şans verməyib və hər 3 setdə qalib gələrək mərhələ adlayıb. Komandamız növbəti mərhələdə CEV kubokunun 1/16 finalında baş tutacaq “Köniz”– “Alba” cütünün qalibi ilə qarşılaşacaq.

Bu oyunun ardından Voleybol Mərkəzi Azəryolun ixtiyarına verilib. Çempionlar Liqasının yeni mövsümünə start verən voleybolçularımız qitənin ən nüfuzlu klub turnirində Fransa “Nant”ını sınağa çəkib. Bu il heyətini ulduz voleybolçularla bəzəyən “Azəryol” dramatik keçən qarşılaşmada əzmkar qələbə qazanıb. Mövsümə yeniliklərlə başlayan və ən azı “Dördlər finalı”na qədər irəliləməyi hədəfləyən komandamız doğma divarlar arasında 3:2 hesablı qələbəyə sevinib.

Çempionlar liqasında mübarizə aparan digər komandamız “Rabitə”də ilk oyununu keçirib. Son illərin dəyişməz ölkə çempionu yeni mövsümdə ilk sınağına Polşada çıxıb. Komandamız bu ölkənin ən güclüsü “Ximik”lə görüşdə qüvvəsini sınayıb. Azərreyl və Azəryoldan fərqli olaraq Rabitə startda yenilgiylə üzləşib. Rəqib hər 3 setdə voleybolçularımıza göz açmağa imkan verməyib və “Rabitə”ni evə əliboş yola salıb.

CEV kubokunda Azərbaycanı təmsil edən “Lokomotiv” isə ilk matçda Almaniyanın “Rote Raben” kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. Komandamız səfərdə oynamasına baxmayaraq qarşılaşmanı çətinlik çəkmədən 3:0 qazanıb.

Çelenc Cup

II təsnifat mərhələsi, cavab oyunu
12 noyabr

"Azərreyl” (Azərbaycan) - "İnsbruk” (Avstriya) - 3:0 (25:17; 25:15; 25:15)

Hakimlər: Kristian Vanaveski (Estoniya), Boyan Bardiç (Xorvatiya)

Voleybol Mərkəzi

İlk oyun – 3:0 (25:10, 25:16, 25:18)

Çempionlar Liqası

I tur

12 noyabr

B qrupu

“Azəryol” (Azərbaycan) – “Nant” (Fransa) - 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya)

Bakı. Voleybol Mərkəzi

A qrupu

“Ximik” (Polşa) – “Rabitə” (Azərbaycan) - 3:0 (25:22; 25:19; 25:18)

Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya)

Şetsin. Vidoviskovo sarayı

 

Qeyd edək ki, qrupumuzun digər matçında yarışın son qalibi olan Kazan “Dinamo”su Rusiyada Çexiya çempionu “Agel”i qəbul edəcək.

CEV kuboku

1/16 final, ilk oyun

12 noyabr

“Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)

Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya)

Filsbiburq. Top Oyunları Sarayı