• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2303
— 13.11.2014 22:30

Ötən gün dünyanın yaşıl meydanlarında bir-birindən maraqlı görüşlər keçirilib

Qardaş ölkə Türkiyənin doğma meydanda Braziliya ilə üz-üz gəldiyi oyunda qonaqlar böyükhesablı qələbəyə sevinib, Hollandiya isə evdə Meksikaya boyun əyib.

Türkiyə - Braziliya matçında hesab 20-ci dəqiqədə dəyişib. Komanda yoldaşından ideal ötürmə alaraq, qapıçı ilə təkbətək qalan Neymar şansını qaçırmayıb. 4 dəqiqə sona "ay-ulduzlular" qapılarında növbəti qolu görüblər. Semih Kaya topu öz qapısına göndərərək, "sambaçılar"ın işini bir qədər də asanlaşdırıb. Özünü qonaq kimi aparmayan Dunqanın yetirmələri ilk hissənin bitməsinə iki dəqiqə qalmış fərqi artırıblar. Vilian dəqiq zərbə ilə yerli publikanın kefini növbəti dəfə pozub. Türklərin müdafiəsində boşluqları lazımınca dəyərləndirən Neymar 60-cı dəqiqədə dubl müəllifinə çevrilərək qarşılaşmada yekun nəticəni təyin edib. 0:4

Qonaqların qələbəsi ilə sonuçlanan digər matç Hollandiya və Meksika futbolçuları arasında oynanılıb. Hesabı 8-ci dəqiqədə qonaqlardan Karlos Vela açıb. Futbolçu uzaq məsafədən qapını dəqiq nişan alıb. "Narıncılar" bu qolun cavabını yalnız ikinci hissədə verə bilib. 49-cu dəqiqədə Uesli Sneyder möhtəşəm zərbə ilə status kvonu bərpa edib. 62-ci dəqiqədə şimali amerikalılar növbəti dəfə önə keçib. Karlos Vela rəqib torunu silkələyərək, dubl edib. 7 dəqiqə sonra Xavyer Hernandez də adını tabloya yazdıran futbolçular sırasında yer alıb. 1:3 74-cü dəqiqədə meksikalıların qapısına yol tapan Daley Blind yerli azarkeşləri ümidləndirsə də, bu heç nəyi dəyişməyib. Hollandiya 2 Meksika 3.