• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 12.11.2014 14:15

Gəncənin 4 küçəsində nümunəvi məhəllələrin yaradılmasına başlanılıb

Gəncədə əhalinin istirahətini normal qaydada təşkil etmək üçün nümunəvi məhəllələrin yaradılması davam etdirilir. Bunun üçün şəhərin müxtəlif yerlərində ərazilər qanunsuz çəpərləmələrdən azad olunur, müasir standartlara cavab verməyən tikililər sökülür, ərazi kol-kosdan təmizlənir. Həmin sahələrdə uşaq meydançaları, yaşıllıq ərazilər, istirahət güşələri yaradılır.

Gəncənin Şah İsmail Xətai, İsax Cəfərov, Dədə Qorqud və Tağı Arani küçələrində yerləşən binaların həyətlərində nümunəvi məhəllələrin yaradılmasına başlanılıb. Ərazidə 12 bina var ki, burada da 1600-ə yaxın sakin yaşayır. Sahədə olan və müasir standartlara cavab verməyən tikililər sökülüb, həyət məişət tullantılarından təmizlənir. Təmizlik işləri yekunlaşdıqdan sonra ərazidə yeni yaşıllıqlar salınacaq, uşaqların əyləncəsi, böyüklərin istirahəti üçün güşələr yaradılacaq. Bundan başqa şəhərin əlavə 4 məhəlləsində də nümunəvi güşələrin yaradılması istiqamətində işlər aparılır.

Mikayıl Zeynalov- Gəncə şəhər İcra başçısının birinci müavini: "Binaların fasadının üzlənməsi işləri aparılır. Ərazidə olan bütün binaların dam örtüyü müasir şəkildə yenilənib. Binaların fasadları isə Gəncə memarlığına xas olan qırmızı kərpiclə üzlənir".

Şahlar Hüseynov və Tağı Arani küçələrini ayıran parkda abadlıq-quruculuq işləri demək olar ki, yekunlaşıb. Parkda uşaqların istirahəti üçün əyləncə qurğuları istifadəyə verilib. Ərazinin işıqlandırılması üçün 86 işıq dirəyi quraşdırılıb. Son 3 ildə Gəncədə 15-ə yaxın nümunəvi məhəllə yaradılaraq sakinlərin ixtiyarına verilib.

Gülnar Fazilqızı