• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3142
— 12.11.2014 11:34

Fiziki Qüsurlu İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzində gözdən əlil insanlar üçün hər cür şərait yaradılıb

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür. 2002-ci ildən etibarən hər il bu tarix Azərbaycanda da qeyd olunur. Ümumiyyətlə ölkədə əlil insanların cəmiyyətə inteqrasiyası üçün bir sıra layihələr həyata keçirilir. Heydər Əliyev fondunun təşəbbüsü ilə Gəncədə yaradılan məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi də bu layihələr sırasındadır.

2011-ci ildən fəaliyyət göstərən Regional İnformasiya Mərkəzi Qərb bölgəsinin 16 şəhər və rayonunu əhatə edir. Mərkəzdə 150-ə yaxın əlil qeydiyyata alınıb ki, onlardan da 50-60 nəfəri fəal istifadəçilərdir. Burada əlil insanların informasiya texnologiyalarından maksimum şəkildə yararlanması üçün hər cür şərait yaradılıb. Görmə qabiliyyəti olmayan və ya zəif olan şəxslər üçün böyüdücü və səsli kompüterlər quraşdırılıb. Mərkəzin kitabxanasında  "Brayl əlifbası" ilə çap olunan 383 adda ədəbiyyat da istifadəçilərin ixtiyarına verilib.

Məhərrəm Qasımov- Fiziki Qüsurlu İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzinin mütəxəssisi: "Kitabxananı zənginləşdirmək üçün mərkəzdə brayl çap maşınları var. İstifadəçilərin təklifinə əsasən lazım olan kitabı çap edə bilərik. Səsyazma studiyasında isə könüllü diktorlar tərəfindən lazım olan ədəbiyyat səsləndirilir və bu yolla audio kitabxanamız da zənginləşir".

İstifadəçilər də yaradılan şəraiti yüksək qiymətləndirir.

Vüqar Qasımov- Fiziki Qüsurlu İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzinin istifadəçisi: "2011-ci ildən mən bu mərkəzin imkanlarından yararlanıram. İnformasiya mərkəzindən yaralanaraq öz bilik və bacarığımı artırıram. Bu mərkəzin bizim əlillərə böyük dəstəyi var. Hər zaman buradan müəyyən informasiyalar alırıq".

Mərkəz ümumilikdə 60 mindən artıq əlilə xidmət göstərmək potensialına malikdir.

Gülnar Fazilqızı