• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 11.11.2014 18:56

Paytaxt ərazisində yol qəzaları baş verib

Ötən gecə paytaxt ərazisində yol qəzaları baş verib. Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Suraxanı  rayonunun  Qaraçuxur  qəsəbəsində  qeydə alınan qəzada Şamxal Hüseynovun  idarə etdiyi “VAZ-2104” markalı  avtomobil, qarşıdan gələn Orxan Babayevin idarə etdiyi “VAZ-2107” ilə toqquşub. Nəticədə "04" də olan sürücü və sərnişini, o cümlədən "07"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. “VAZ-2104”-ün sürücüsü Şamxal Hüseynovun hərəkətləri polis əməkdaşlarında onun sərxoş olması şübhəsini yaradıb. Şamxal Hüseynov hətta ona ilkin tibbi yardım göstərilməsindən imtina edib.

Həkim və polislərin təkidindən sonra Şamxal Hüseynov təcili tibbi yardım avtomobilinə əyləşib. Onun sözlərinə görə, qəzada hər iki avtomobilin sürücüsü günahkar olub. 

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yararsız hala düşən avtomobillər isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Polis əməkdaşlarının verdiyi məlumata görə, qəzanın baş verməsinə səbəb “VAZ-2104” -sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

Zabrat-Maştağa yolunda isə "Qazel" markalı yük maşını 19 yaşlı Emin Muxtarova məxsus "VAZ 21015"-lə toqquşub. Qəza zamanı sürücü Emin Muxtarov və sərnişini Fərid Babayev ağır xəsarətlər alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yük maşınının sürücüsü və sərnişini isə hadisə yerindən qaçıblar.

Nərimanov rayonunda da yol qəzası baş verib. Yüksək sürətlə hərəkətdə olan Çanqan markalı avtomobilin xanım sürücüsü döngədə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə çırpılaraq aşıb. Yüngül xəsarətlər alan sürücünü çevrilmiş maşından hadisə şahidləri çıxarıblar. O, ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Aymirə İsmayılqızı