• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3026
— 10.11.2014 14:09

Bakılı şagirdlər Gəncənin qonağı olublar

Məktəblilərin tətillərinin səmərəli keçməsi üçün təşkil olunan "Ölkəmizi tanıyaq" maarifləndirici tur aksiyası davam edir. Bu dəfə Bakının Xətai və Pirallahı rayonlarının məktəbliləri Gəncənin qonağı olublar.

Ötən gün şəhərimizə gələn "Ölkəmizi tanıyaq" avtobusunun ilk dayanacağı Heydər Əliyev parkı olub. "Zəfər tağı"nın önündə qarşılanan məktəblilərə Gəncə və qarşıdakı günlər ərzində gəzib görəcəkləri yerlər haqda ətraflı məlumat verilib. Qafqazın ən böyük parkı ilə tanışlıqdan sonra məktəblilər Heydər Əliyev mərkəzinə gəliblər. Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxan şagirdlər mərkəzdə fəaliyyət göstərən xalçaçılıq mərkəzi, 10D kinoteatr və kitabxana ilə maraqlanıblar.

Rəşidə Əsədova- məktəbli: "Mən ilk dəfədir ki, Gəncəyə gəlirəm. Gəncənin əzəmətinin əyani sürətdə şahidi oldum. Mən ümid edirəm ki, bu cür gəzintilər davam edəcək və hər bir Azərbaycan şagirdi bizim sevincimizi yaşayacaq".

Ayşən İmanova- məktəbli: "Bizi burada çox mehriban qarşıladılar. Ümid edirəm ki, qarşıdakı 3 gün ərzində çox gözəl istirahət edəcəyik".

Məktəblilər Nizami Yurdu ilə tanışlığa bu gün də davam ediblər. Onlar Şeyxin məqbərəsini ziyarət etdikdən sonra Nizami Gəncəvi muzeyində olublar. Gəzinti "Gəncə Qala qapıları" muzey kompleksi, Xan Bağı, Cavad Xan Türbəsi, Şah Abbas Cümə məscidi ilə tanışlıqla davam edib.

Gülnar Fazilqızı, Xəyalə Mürsəl