Bu günə xəbərlərin oxunma sayı: 1076
— 10.11.2014 10:17

Musiqilərində yaşayan bəstəkar

Dahi o insana deyirlər ki, var olduğu zamanlarda özündən sonra  yadigar qoymağı bacarsın. Tarixə, incəsənətə, ədəbiyyata və yaxud da bunlardan birinə dəyərli nümunələr bəxş edə bilsin.  İtalyan bəstəkar və dirijor Ennio Morrikone də bu qəbildən olan dahilərdəndir. İnsan onun yazdığı musiqiləri dinlədikcə heyrətə gəlir. Necə ola bilər ki, notlar birləşə və ərsəyə bu cür şedevrlər gələ? Bu notlar yalnız peşəkar əllərə keçdikdə şah əsər ola bilir. Bu gün bəstəkar Ennio Morrikonenin ad günüdür. 1928-ci ildə Romada anadan olan bu istedadlı italyan doqquz yaşında ikən Müqəddəs Çeçiliya konservatoriyasına daxil olur. Musiqidə olan istedadı onu zirvələrə daşıyır. Bəstəkarın filmlər üçün bəstələdiyi mahnılar isə ona zirvələrdə tac qoyur. Bir çox tamaşaçının sevdiyi “Yaxşı, pis, zalım” filminin heyəti bəstəkara borcludur. Səbəbi isə onun mahnıları ilə bu filmin daha çox sevilməsi və uğur qazanmasıdır.

Bəstəkar yaradıclığının özəyini filmlərə bəstələdiyi musiqilər tutur. 1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi “Bir dəfə Amerikada” filminin musiqilərinin də müəllifidir. Robert De Nironun yaşadıqları Ennio Morrikonenin musiqiləri olmadan izləyicisinə sevilməzdi. Filmdə Amerikada həyata tutunmağa çalışan qanqsterlərin taleyindən bəhs olunur. Bəstəkarın yazdığı mahnıların çoxu İtalyan kinoları üçün nəzərdə tutulub. Əbəs yerə deyil ki, hazırda da bu filmi sevənlər Ennionun bəstələdiyi mahnını eşidəndə nostalji hisslər yaşayırlar.

Bəstəkarın xanım hislərinə ünvanladığı elə bir mahnısı var ki, onu eşidən hər kəsə təsir edir. Bu “Malena” filminin musiqiləridir. Monika Bellucinin gözəlliyi, filmdə olan hadisələrin ardıcıllığı və ən əsası musiqi harmoniyası fimi izləyicilərə sevdirdi. Müharibə- onun fəsadlarının möhtəşəm şəkildə canlandırıldığı son səhnədə tamaşaçı göz yaşlarına hakim ola bilmir.

Bəstəkar ən son olaraq Kventin Tarantinonun “Şərəfsiz əclaflar” filminə musiqi bəstələyib. Film faşist Almaniyasına qarşı mübarizə aparan partizanlardan bəhs olunur. Musiqi ritmləri də 40-ci illərə uyğun olmaqla yanaşı, həm də tamaşaçını qələbəyə səsləyir. Bu, rejissor və bəstəkarın son zamanlarda ən çox uğur gətirən filmlərindəndir.

Ennio Morriko filmlərə musiqi bəstələməklə yanaşı fərdi əsrlər də yazıb. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatına layiq görülüb.

Almaz İbrahimova