Bu günə xəbərlərin oxunma sayı: 907
— 08.09.2017 15:04

Gəncə teatrlarında yeni mövsümə hazırlıq işləri yekunlaşıb

KepezTV Player

Bu ayın ikinci yarısından Gəncə Dövlət Dram Teatrı özünün 123-cü, Gəncə Dövlət Kukla Teatrı isə 32-ci teatr mövsümünə start verəcək. Hər iki mədəniyyət ocağında yeni mövsümə hazırlıq işləri artıq yekunlaşıb.

Gəncə Dövlət Dram Teatrında mövsümə Anton Çexovun “Vanya Dayı” əsəri əsasında hazırlanan eyni adlı tamaşa ilə start veriləcək. Ötən mövsümün yekununda təhvil verilən səhnə əsərinə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib.

Əli Qasımov- Gəncə Dövlət Dram Teatrın direktoru: “Bununla bərabər teatr mövsümünün sonuna kimi Hüseyn Cavidin "İblis" pyesi də səhnələşdiriləcək. Həmin əsərə də quruluşu teatrın baş rejissoru İradə Gözəlova verəcək”.  


Teatrsevərlər mövsüm boyu Vaqif Şərifov, Novruz Cəfərov və Elşad Əhmədov kimi rejissorların da tamaşalarını izləyə biləcəklər. Bu mövsüm həmçinin Stanislav Stratiyevin “Avtobus” əsərinin də səhnələşdirilməsi planlaşdırılır.
 

Əli Qasımov- Gəncə Dövlət Dram Teatrın direktoru: “Mən fürsətdən istifadə edib bütün şəhər ziyalılarını, teatrsevərləri  tamaşalara baxmağa dəvət edirəm. Güman edirəm ki, onların hər biri tamaşalarımız üçün darıxıb. Yüksək səviyyəli, bədii baxımdan insanların zövqünə oxşayacaq tamaşalar hazırlanır”.

Gəncə Dövlət Kukla Teatrı isə mövsümü Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsəri əsasında hazırlanan “Məşədi İbad” tamaşası ilə açacaq. Quruluşçu rejissoru Əməkdar artist Rauf Avşarov səhnə əsərində Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və Nərmin Şərifova rol alıblar.

Bayram Fətəliyev- Gəncə Dövlət Kukla Teatrının direktoru: “Mən deyərdim ki, tamaşa çox maraqlıdır. Kuklaları çox maraqldır. Bu tip kuklalar ilk dəfə bizim teatrda ilk dəfə səhnəyə çıxarılacaq”.

Bundan əlavə mövsüm boyu hər həftənin altıncı və bazar günləri balacalar üçün müxtəlif tamaşalar nümayiş olunacaq.
 

Bayram Fətəliyev- Gəncə Dövlət Kukla Teatrının direktoru:  "Şəngülüm, şüngülüm", "Qumral quzunun kələyi", yeni hazırlanan tamaşalardan "Pinokionun sərgüzəştləri", daha sonra yerli yazarımız Sahib Axundovun "Səlim və sehirbaz", "Çippolino", "Qırmızı papaq" kimi tamaşalar balacalara təqdim olunacaq. Həmçinin bizim aktrisamız Mahirə Haqverdiyevanın ilk rejissor işi olan "Cik-cik xanımın nağılı" da artıq hazırdır”.


Bu il teatrın səhnəsində bir sıra yeniliklər də görmək mümkün olacaq. Məsələn, digər əsərlərdən fərqli olaraq “Cik-cik xanım” tamaşası teatrsevərlərə fərqli formatda təqdim ediləcək. Belə ki, tamaşa zamanı hazır dekorasiyalar əvəzinə kinoproyektordan istifadə ediləcək. 
Gəncə Dövlət Kukla Teatrında mövsüm sentyabrın 19-da, Dram Teatrında isə ayın 16-da başlayacaq.

 

Gülnar Fazilqızı