Bu günə xəbərlərin oxunma sayı: 948
— 22.06.2017 11:58

Gəncə Dövlət Filarmoniyasının yeni direktoru məlum olub

KepezTV Player

Qərb bölgəsində yeni, müasir turizm infrastruktur obyektlərinin yaxın zamanlarda yaradılması gündəmdə deyil. Gəncədə turizmlə bağlı müşavirə keçirən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hazırda ölkədə 3 bölgə üzrə turizm zonasının formalaşdırılması istiqamətində iş aparıldığını vurğulayıb. Nazir həmçinin Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə yeni təyinatla bağlı açıqlama verib.

Samir Cəfərov.  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti artıq bu gündən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsini daşıyır. Xalq artisti mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin əmriylə bu vəzifəyə gətirilib.

Əbülfəs Qarayev- mədəniyyət və turizm naziri: “Bu filarmoniya müasir musiqi mərkəzlərindən birinə çevriləcək. Biz istəyərdik ki, buranın nəinki xarici görünüşü, o cümlədən daxili mühiti də yaradıcılığa hazır olsun, yiyələnsin, daha ciddi beynəlxalq layihələrə ev sahibliyi etsin”.
 

Gəncə, eləcə də qərb bölgəsinin yiyələndiyi daha bir mühüm faktor isə onun turizm potensialı ilə bağlıdır. Regionun təbiəti buna imkan versə də, hələ ki, sahibkarları bu imkandan səmərəli istifadəyə həvəsləndirmək mümkün olmayıb. Nazirin sözlərinə görə, yaxın zamanlarda regionda yeni turizm klasterlərinin və komplekslərinin yaradılması real görünmür.

Əbülfəs Qarayev- Mədəniyyət və turizm naziri: “Azərbaycanda hazırda 3 bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Bura Xəzər dənizi sahilinin Xızıdan Nabranadək olan hissəsi, Qusarın bəzi rayonları, Şahdağ və ətrafı, həmçinin Quba rayonu daxildir. Hazırda o zonaların inkişafına dair xüsusi beynəlxalq tenderlər elan olunub. Beynəlxalq şirkətlər o zonaların inkişafına dair öz layihələrini təqdim edəcəklər. Həmin layihələrin müsabiqəsi keçiriləndən, qalib elan olunandan sonra hazırlıq işlərinə başlanılacaq. Yalnız bundan sonra digər bölgələrdə yeni turizm zonalarının yaradılması məsələsi gündəmə gələcək”.

Gəncədə regional idarə rəhbərlərinin iştirakı ilə müşavirə keçirən Mədəniyyət və turizm naziri Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan sakinlərlə də görüşüb. 30-dan artıq şəxs aidiyyəti üzrə müxtəlif məsələlərlə bağlı Əbülfəs Qarayevə müraciət edib. 

 Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

 

Gülnar Fazilqızı