• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3089
— 13.11.2014 09:33

Gəncədə qadını yandıraraq qətlə yetirən şəxslər saxlanılıb (Yenilənib)

Gəncədə bir neçə gün əvvəl baş verən dəhşətli qətlin üstü açılıb. Məlum olub ki, 47 yaşlı Pərvanə İsmayılovanı yandıraraq qətlə yetirən şəxslər onun öz qonşularıdır. Saxlanılan şəxslərin başqa quldurluq əməlləri törətdikləri də məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsi, şəhər Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 7-də Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 81, mənzil 30-da yaşayan 47 yaşlı Pərvanə İsmayılovanı yandıraraq qətlə yetirən şəxslər saxlanılıb. Məlum olub ki, qətli törədənlər mərhum İsamyılovanın qonşuları əvvələr dəfələrlə məhkumluq həyatı yaşayan 27 yaşlı Rüstəm Hüseynov və 26 yaşlı Müşviq Cəlilovdur.

Müqalib Abdıyev- Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini: “Cinayəti törədən Hüseynov Rüstəm Ayaz oğlu və Cəlilov Müşfiq Qalib oğlu tərfimizdən saxlanılıb. Pərvanə İsmayılovaya məxsus mənzildən talanaraq götürülən qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim olunub”.

Əməliyyat zamanı həmin şəxslərin başqa cinayət əməlləri törətdikləri də məlum olub. Hər iki şəxs bu ilin oktyabr ayının 1-də, digər qonşuları Üzeyir Hacıbəyov küçəsi, bina 79, mənzil 1-də yaşayan Dilarə Qasımovanın mənzinə gizli yolla daxil olaraq ev sahibinə qarşı quldurluq ediblər. Onlar Qasımovaya soyuq silahla hədə-qorxu gəlməklə xeyli miqdarda qızıl-zinət əşyalarını talayıblar.

Dilarə Qasımova- zərərçəkən: “Gördüm aynadan fənərlə içəri baxırlar. İstədim yerimdən qalxam. O anda qapı açıldı, üstümə hücum etdilər. Əlləri ilə ağızımı tutub dedilər ki, başını kəsərəm, səsini çıxarma, qızılla pulların yerini de. Mən də dedim ki, ağzımı aç deyim”.

Dırnaqarası qəhrəmanlar bir qayda olaraq əldə etdikləri qızıl-zinət və digər qiymətli əşyaları müxtəlif şəxslərin sənədləri ilə paytaxt Bakıda satıblar. Hər iki şəxs cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Muşfiq Cəlilov- saxlanılan şəxs: “Qızılın yerini soruşduq. Dedi ki, yoxdur, hamısı sələmdədir. Sonra da boğub öldürdüm”.

Rüstəm Hüseynov- saxlanılan şəxs: “Haradan keçirsən biri deyir 50 qram, o biri deyir 100 qram qızıl qoyub pul götürdüm. Bu düşüncə ilə getdik ki, bunun evində yüz faiz pul var. Ayrı heç nə fikirləşmədik ki, olmaya bilər. O da girdik evə, bir dənə boyunbağı çıxdı”.

Saxlanılan Rüstəm Hüseynov və Müşfiq Cəlilovun əməlindən zərərçəkənlərin sayının artacağı güman olunur.

Natiq Hüseyn

 

07.11.2014 olan xəbər

Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib.

İzi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.

Bu gecə saat 05:00 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da yanğın hadisəsi baş verib. Yanğından xəbər tutan qonşular dərhal Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada qolu bağlı 47 yaşlı Pərvanə İsmayılovanın meyidini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib. Sələmçiliklə məşğul olan Pərvanə İsmayılovanın evinə basqın edən şəxs və ya şəxslər əvvəlcə qadının əlini məftillə bağlayıblar. Evdə axtarış aparan cinayətkarlar daha sonra Pərvanə İsmayılovanı qətlə yetirib və izi itirmək məqsədilə mənzili yandırıblar. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə yerində Gəncə şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparır. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdır.