Bu günə xəbərlərin oxunma sayı: 948
— 12.06.2017 15:12

Gəncədə yazıçı Xəzangül Hüseynovanın yeni nəşrdən çıxan kitabının təqdimatı keçirilib

KepezTV Player

Elm və təhsil nəşriyyatında çap olunan “Seçilmiş əsərlər” adlı kitab 490 səhifədir. Kitabda yazıçının “Məhəbbətin qənimi”, “ Xərabət gözəli” adlı pyesləri, “Haray” adlı poeması, eləcə də qəzəlləri və sevgiyə, ictimai mövzulara həsr olunan şeirləri çap olunub. Ailə- məişət mövzusunda yazılan “Məhəbbətin qənimi” pyesində pis vərdiş olan alkoqolizmdən və onun sonda bir ailənin faciəsinə səbəb olmasından, “Xərabət gözəli” pyesi isə Məhsəti Gəncəvinin həyatına və onun yaradıcılığına bütün arxiv sənədlərinə istinadən yazılıb. Kitabda olan “Haray” poeması isə qanlı 20 yanvar hadisəsinə, eləcə də Qarabağ müharibəsinə həsr olunub.  İyunun 5-də isə yeni çıxan bu kitaba və ümumilikdə yazıçının yaradıcılığına görə, Gəncə yazarları arasında ilk dəfə olaraq Xəzangül Hüseynova Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi “Mikayıl Müşfiq” adına mükafata layiq görülüb.   “Seçilmiş əsərlər” adlı kitab yazıçının sayca 10-cü kitabıdır və onun türk, gürcü dillərində kitabları var. Bundan başqa Rumıniyada yazıçının rumın dilinə tərcümə olunan “Bitməyən xəzan” kitabı da çap olunur.


Xəzangül Hüseynova- Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, yazıçı: “Elə oxucu var ki, onu Gəncənin tarixi maraqlandırır. Elə oxucu var ki, onu həyatında baş verən alkoqolizmin pis nəticələri maraqlandırır. Elə oxucu da var ki, bu Qarabağ probleminin nə vaxt həll olunacağı fikri onu sakit buraxmır və bunu böyük bir yara, qüssə, kədər kimi qəlblərində gəzdirir. Bu kitab onlara köməkdi”.

Rəfiqə Sadıqova- yazıçı-jurnalist: “Səhifələrinin çoxluğu cəhətdən, içərisinə daxil olan əsərlərin, şeirlərin, pyeslərin, çoxluğu cəhətdən bu bizdən ötrü bir yenilik oldu. Xəzangül xanımı təbrik edirəm ona uğurlar arzu edirəm”.

Fərruxə Umarova- yazıçı-jurnalist: “Ümumiyyətlə bu kitab onu deməyə əsas verir ki, Xəzangül xanım hər zaman özünə, sözünə, qələminə sadiq olan bir adamdır”.

 

Elnur Vahidoğlu