Bu günə xəbərlərin oxunma sayı: 826
— 29.05.2017 13:58

Gəncə I Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edib

KepezTV Player

“Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Nizami yurdu növbəti irimiqyaslı tədbirə ev sahibliyi edib. Gəncədə I Beynəlxalq Musiqi Festivalı baş tutub. Ötən gün ərzində şəhərdə müxtəlif mədəniyyət tədbirləri reallaşıb.

Gəncənin bu dəfəki qonaqları MDB-dəndir. N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistanın məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu I Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Gəncəyə gəliblər. Gəncə Dövlət Filarmoniyasının müşayiəti ilə qədim şəhərin tarixi və müasir siması ilə tanışlıq dayanıb ilk sırada. Gəncənin muzey və mərkəzləri ziyarət edilib, gəzməli-görməli yerlərinə baş çəkilib. 
Məhsəti Gəncəvi Mərkəzində isə əcnəbi qonaqları “Gənc istedadlar” salamlayıblar, təbii ki, öz çıxış və ifaları ilə... Gəncə Dövlət Universiteti, Gəncə Musiqi kolleci və Uşaq musiqi məktəblərinin tələbə və şagirdləri həm yerli, həm də xarici bəstəkarların nota aldığı musiqiləri böyük məharətlə ifa ediblər. Nəticədən isə həm gənc istedadlar razı qalıb, həm də xarici incəsənət ustaları...

Rəhman Quliyev- Gəncə Musiqi Kollecinin tələbəsi: “Bu gün xarici qonaqlar qarşısında çıxış etmək, bir gənc kimi mənim üçün fəxrdir. İlk əsərim ispan əsəri oldu, “Balero” ifa etdim. Sonra isə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasından Sərvər və Gülnazın dueti oldu. Xaricilər tərəfindən də bəyənilməsi və alqışlarla qarşılanması mənim üçün xoş oldu”.

Gülnaz Əhmədova- Gəncə Musiqi Kollecinin tələbəsi: "Belə festivalların çox keçirilməyini istəyərəm. Musiqimizə və musiqiçilərimizə daha çox dəyər verirlər. Xaricilər qarşısında çıxış etmək də maraqlı idi”.

Elena Silkova-  Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupunun bədii rəhbəri: “Bu sənət əsərlərinin bu qədər yüksək səviyyədə təqdim olunması bizi heyran etdi. Üstəlik nəzərə alsaq ki, bu ifaları edənlər gənc istedadlardı, bu zaman deməyə həqiqətən söz tapmıram. Bizim üçün çox xoş oldu”.

Axşam saatlarında isə Heydər Əliyev park-kompleksindəki Amfiteatr maraqlı görüntülərə səhnə olub. Azərbaycan, Rusiya, Belorus və Tacikistanın musiqi kollektivləri bir-birindən maraqlı çıxışlar təqdim edərək, I Beynəlxalq Musiqi Festivalı tamaşaçılarına unudulmaz anlar yaşadıblar. 

“Gəncə - MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində təşkil olunan I Beynəlxalq Musiqi Festivalı sadəcə MDB-yə üzv dövlətlərin nümayəndələrini bir araya toplamadı. Bu festival eyni zamanda müxtəlif mədəniyyətlərin bir nöqtədə, məhz Gəncədə bir araya gəlməsinə vəsilə oldu.

Bu fikri öz musiqi mədəniyyətlərini Azərbaycan tamaşaçısına nümayiş etdirmək imkanı qazanan xarici qonaqlar da təsdiqləyib.

İrina Kolosova -N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin üzvü: “Ortaq tarixə malik müxtəlif ölkələrin musiqi kollektivlərini bir səhnədə birləşdirmək, həqiqətən çox gözəl fikirdir. Həm özümüz çıxış edirik, həm də bizə yaxın dövlətlərin çıxışlarını izləyirik. Bizim üçün çox xoşdur”.

Dariya Rubtsova- N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin solisti: “Azərbaycana ilk dəfədir gəlirəm, amma Rusiyada çoxlu azərbaycanlı tanışlarım var. Bu səbəbdən də sizin mədəniyyətlə az da olsa tanışam. Bu festivalın bir hissəsi olmaq isə xüsusi ilə gözəldir. Bilirsiz, hazırda Rusiyada MDB dövlətlərinin nümayəndələri ilə bir araya gəlmək o qədər də asan olmur, amma burada sizin ölkədə belə bir imkan yarandı. Onlarla görüşmək, söhbət etmək maraqlı oldu”.

Kurbon Xolov- Tacikistanın “Bazmoro” rəqs ansamblının bədii rəhbəri: “Mədəniyyətin sərhəddi olmur. Bütün xalqların bir hədəfi var, öz mədəniyyətlərini qorumaq, onu tanıtmaq. Bizim üçün burda olmaq çox xoşdur. Biz bu gün böyük sevinc və qürur hissi ilə çıxış etik”.

Müxtəlif mədəniyyətlərin bir nöqtədə birləşərək tamaşaçılara təqdim olunması, şəhər sakinləri üçün də maraqlı olub.

Aidə Məmmədova- şəhər sakini: “Belorusdan, Rusiyadan, Tacikistandan gələn musiqi kollektivlərinin çıxışlarını izləmək bizim üçün çox maraqlı və xoşdur”.

Elmira Bayramova- şəhər sakini: “Gəncədə bu cür beynəlxalq tədbirlərin keçirilməsi bizim üçün çox xoşdur və fəxrdir”.

Bəli, həm əyləndilər, həm də istirahət etdilər, amma bununla yanaşı qürur, sevinc və fərəh hissi də sezilirdi. Xüsusi ilə də tamaşaçıların başı üzərində Azərbaycanın üç rəngli bayraqlarının dalğalandığı anlarda...

Danil Stadnyuk- N.P.Osipov adına Rusiya Xalq- Çalğı Alətləri Milli Akademik Orkestrinin üzvü: “Festival möhtəşəm keçir. Maraqlı anlar yaşadıq. Lakin bir məqama xüsusi ilə toxunmaq istəyirəm. Buranın dövlət bayraqları ilə bəzədilməsi tədbirə xüsusi təmtəraq, xüsusi rəng və gözəllik qatır və bu da təbii ki, bizim çıxış edərkən həyəcanımızı və məsuliyyətimizi artırır”.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk mərkəz şəhəri bu gün MDB-nin Mədəniyyət Paytaxtı olaraq adını tarixə yazdırır və bu son deyil... Yeni hədəflərə doğru...

 

Gülnar Fazilqızı