Bu günə xəbərlərin oxunma sayı: 929
— 21.05.2017 15:07

Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərin qorunması hansı dərəcədədir?

Son illər  iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı nəticəsində  insan fəaliyyətinin də  miqyası genişlənib.  Antropogen amillərin  ətraf mühitə  təsiri  təbii olaraq təbii sərvətlərin  istismarı ilə nəticələnir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərin qorunması məsələsinə böyük diqqət yetirilir. Təbii sərvətlərin mühafizəsi üçün qoruqlar, milli park və yasaqlıqlar salınır. Nəsli kəsilməkdə olan heyvan və bitki örtüyü qorunur və eyni zamanda çoxaldılır. Lakin keçid dövründə digər sahələrdə olduğu kimi, ekoloji sahədə də bir sıra gərginliklər yaşandı. Meşələr qırıldı, heyvanlar qanunsuz şəkildə ovlandı və s.

Hazırda Azərbaycanın  əsas ekoloji problemləri: su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi,   sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;  münbit torpaqların deqradasiyaya uğraması,   biomüxtəlifliyin seyrəkləşməsi və  meşə ehtiyatlarının, fauna və floranın  azalmasıdır.

Azərbaycanın ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş,  97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Nadir və nəslikəsilməkdə olan bitki və heyvan aləminin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin xüsusi sərəncamı ilə "Qırmızı kitab" təsis edilib.

Vaqif Novruzov – AMEA-nın müxbir üzvü: “1989- cu ildə “Qırmızı kitab”ın birinci cildi çap olundu. Bu cilddə 114 heyvan növü, 108 bitki növü daxil edilib. Ondan keçən dövr ərzində 2016- cı ildə ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması, səmərəli istifadə olunması və davamlı inkişafına dair milli strategiya və fəaliyyət planı təsdiq edilib. 2013-cü ildə “Qırmızı kitab”ın ikinci nəşri çap olundu. Bu nəşrdə isə 300 bitki növü və 233 heyvan cinsi daxil edilib”.

“Qırmızı kitab” hər 20 ildən bir  yenilənməli artan və ya azalan nadir növ və cinslərin statistikası dəqiqləşdirilməlidir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqisəi nəticəsində işğal olumuş ərazilərimizdə nadir bitki və heyvan aləmi insanlarla bərabər “əsir düşüb”.

Vaqif Novruzov – AMEA-nın müxbir üzvü: “Mən ürək ağrısı ilə göstərməliyəm ki, Azərbaycanın “Qırmızı kitabı”nın birinci nəşri nə daxil edilən 25 bitki növünün arealının müəyyən hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdədir. Və 11 növü isə dünyanın heç bir nöqtəsində yoxdur”.

Kənd təsərrüfatının planlı  şəkildə qurulmaması təsərrüfatçıların xəstəlik və ziyanvericilərə  qarşı zəhərli kimyəvi maddələrlə mübarizə aparması da canlı aləmə güclü təsir edir.

İzabella Qasımova- aqrar elmlər üzvə fəlsəfə doktoru: “Əgər orda antropogen amil varsa istənilən halda ətraf mühitə, o cümlədən ekoloji tarazlığa mənfi təsir göstərir. Amma işi elə qurmaq lazımdır ki, ekoloji tarazlıq ən az yol verilən həddə olsun. Ona görə də kənd təsərrüfatında yeni sortların əkilib-becərilməsi, növbəli əkin sisteminin tətbiqi və alternativ əkinliçilik sisteminə daha çox yer verilməlidir”.

Mütəxəsssis kənd təsərrüfatında əkilən bitkilərin təbii insekdisidlərindən istifadəni ən uyğun variant kimi irəli sürür. Elə bitkilər var ki, onlarda mövcud olan xəstəlik törədiciləri həm bitkidən qidalanır, eyni zamanda bitkini mühafizə edir. Ümumiyyətlə, aborogen bitkilər yerli şəraitə daha çox uyğunlaşdığı üçün təsərrüfatlarda onlardan daha çox istifadə etmək məqsədəuyğun sayılır.

İzabella Qasımova- aqrar elmlər üzvə fəlsəfə doktoru: “Aborogen bitkilər yerli şəraitə daha çox öyrəşib, daha dözümlüdür. Onun genotipini dəyişmək çox çətindir. Onun hər hansı əlamətini əsas götürüb digər məhsuldar bir sortla hibritləşdirəndə yeni bir sort yaradırıq. Amma bu sortun kökündə yenə yabanı bitki durur”.

Bu heyvanlar aləmində də eynidir. Məsələn, vəhşi təbiətdə yaşayan  toyuq ildə bir dəfə 12-14 yumurta qoyub kürt düşə bilir. Lakin yaxşı baxım sayəsində biz ev şəraitində ondan hər gün bir yumurta əldə edə bilirik. Elm texnika inkişaf etdikcə məhsuldarlığın artırılmasının daha səmərəli formaları araşdırılıb tapılır. Lakin bununla belə genetik amilə diqqət etmək lazımdır. Aparılan bütün elmi araşdırma və nailiyyətlər ilk növbədə aborogen heyvan cinslərinin və bitki növlərinin mühafizəsinə xidmət etməlidir.

 

Aidə Ramizqızı