• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3355
— 05.11.2014 18:40

Bakıda yanğın hadisəsi qeydə alınıb

Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib.  Gecə saat 02:00 radələrində qeydə alınan yanğın güclü olduğundan əraziyə Bakının 3 rayonundan yanğınsöndürmə briqadası cəlb olunub.

Lermontov küçəsi bina 53, mənzil 15-də qeydə alınan hadisədən ilk olaraq ev sahibi xəbər tutub. Qonşuların köməyi ilə alovun qarşısını almağa çalışan zərərçəkən buna nail ola bilməyincə yanğınsöndürənlərin köməyinə ehtiyac duyub. Hadisə yerinə ərazi üzrə Səbail rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Lakin binanın köhnə və taxta arakəsməli olduğu nəzarə alınaraq Yasamal və Nəsimi rayonlarından da əlavə qüvvələr cəlb edilib. Hadisə vaxtı ev sahibi Rövşən Qafarov mənzildə olsa da, yanğından xəbərsiz olduğunu deyir.

Yanğın binanın dam örtüyünə keçdiyindən, alovun qarşısını almaq üçün xüsusi qaldırıcı yanğınsöndürmə maşını da əraziyə cəlb olunub. Hadisə 3-cü mərtəbədə baş versə də, ikinci mərtəbədə olan digər mənzilə də qismən ziyan dəyib. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmaları isə Fövqəladə Hallar Nazirliyinin istintaqçıları aparır.