Bu günə xəbərlərin oxunma sayı: 901
— 17.05.2017 11:26

Gəncədə heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib

KepezTV Player

Gəncədə şəhərin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib. Əməkdar rəssamın ulu öndər Heydər Əliyevlə bağlı xatirələri, müasir Gəncənin müxtəlif yerlərində şəhərə görkəm verən əl işləri, heykəltaraşlıq incilərinin sərgisi gecəyə toplaşan şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla qarşılanıb, təqdim olunan yeni sənət nümunələrinin realizəsi istiqamətində fikir mübadiləsi aparılıb. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan tədbirdə 20 ildən artıqdır Gəncənin baş rəssamı olan Şərif Şərifovun yaradıcılıq uğurlarına nəzər salınıb. 50 ilə yaxın dövrü əhatə edən fəaliyyətinin şah əsəri sayılan və Gəncənin baş meydanında ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli və Nəriman Nərimanovun Gəncədəki abidəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülməsi sənətinə verilən yüksək qiymət kimi dəyərləndirilib. 20-dən artıq ölkədə yaratdığı abidələrlə iz qoyan heykəltaraşın Türkiyənin Qars şəhərindəki Heydər parkına verdiyi tərtibat və yaratdığı kompozisiyalar xüsusi vurğulanıb. Ölkədə incəsənətin inkişafına xidmət edən diqqət və qayğının sənət adamlarının yaradıcılığına da siraət etdiyi, yeni uğurlara həvəsləndirdiyi önə çəkilib. Komsomol mükafatı Laureatı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının, Reklamçılar İctimai Birliyinin üzvü olan Şərif Şərifovun yaradıcılıq gecəsi Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında klassik musiqilər və bəstəkar mahnıları ilə yekunlaşıb. 


Şərif Şərifov- Gəncənin baş rəssamı: “Bu abu-hava Gəncədə, Azərbaycanda yaranmasa qızıl medal da ola bilməz, Azərbaycan incəsənəti inkişaf edə bilməz. Bu böyük təməllər üstündə qurulub və inkişaf edir. Rusiya Rəssamlıq Akademiyasının verdiyi qızıl medal isə mənə yox, ölkədə bu sahəyə verilən medaldır. Yaradılan bu münbit şəraitə görə isə mən ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.