• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2710
— 05.11.2014 11:46

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun görüşlərinə start verilib

A qrupunda "Yuventus" doğma meydanda "Olimpiyakos"la üz-üzə gəlib. Oyunda hesabı qoca sinyora açıb. 21-ci dəqiqədə cərimə zərbələrinin mahir ustası Andreya Pirlo hesabı komandasının xeyrinə dəyişib. 3 dəqiqə sonra qonaqlar görüşdə tarazlığı yaradıb. Alberto Botia baş zərbəsi ilə hesabı bərabərləşdirib. Əzmkarlıq nümayiş etdirən yunanlar 61-ci dəqiqədə önə keçib. Delvin N Dinqa ikinci mərtəbədə hamını qabaqlayaraq diqqət mərkəzinə düşüb. Ancaq ruhdan düşməyən "ağ-qaralar" iki qol vurub. Əvvəlcə 65-ci dəqiqədə qapıya zərbə zamanı top "Olimpiyakos"un çərçivə qoruyucuna toxunaraq torla qovuşub. 1 dəqiqə sonra isə Pol Poqba komanda yoldaşlarının əhatəsinə düşərək "Yuve"yə 3:2 hesablı qələbə qazandırıb.

Qrupun digər oyununda "Atletiko Madrid" səfərdə "Malmö"nün qonağı olub. Oyunda hesab ilk yarım saatın tamamında dəyişib. Koke komanda yoldaşının cərimə meydançasına ötürməsini bir toxunuşla qapıya göndərib. 79-cu dəqiqədə rəqibi növbəti dəfə cəzalandıran Raul Qarsiya "Atletiko"nun 2:0 hesablı qələbəsində pay sahibi olub.

B qrupunun diqqət çəkən görüşündə "Real Madrid" doğma publika önündə "Liverpul"la qarşılaşıb. Görüş "kral klubu"nun minimal hesablı qələbəsi ilə sonuçlanıb. Yeganə dəqiq zərbə 27-ci dəqiqədə Kərim Benzemanın ayağına yazılıb.

Qrupun növbəti oyunu olan "Bazel" - "Ludoqorets" matçında isə meydan sahibləri böyükhesablı qələbəyə sevinib. İlk qol 34-cü dəqiqədə Bril Embolodan gəlib. Futbolçu yaxın məsafədən hədəfi dəqiq nişan alıb. 41-ci dəqiqədə Derlis Qonzales fərqi artırıb. İkinci hissədə meydan sahibləri rəqibi daha 2 dəfə məyus edib. 59-cu dəqiqədə Şkelzen Qaşi topu boş qapıya göndərərək komandasının 3- cü qoluna imza atıb. 65-ci dəqiqədə adını tabloya yazdıran Marek Suxi görüşün yekun nəticəsini təyin edib. 4:0

C qrupunun oyunları çərçivəsində "Zenit" evdə "Bayer Leverkuzen"lə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb. Görüşdə tablonu 68-ci dəqiqədə alman klubundan Son Xin Min hərəkətə gətirib. Koreyalı futbolçu 73-cü dəqiqədə dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi artırıb. Rusların gücü isə yalnız təsəlli qoluna çatıb. 89-cu dəqiqədə Salamon Rondon topu saxlamadan birbaşa qapıya ünvanlayaraq komandasının yeganə qolunu vurub. 1 - 2

"Benfika" - "Monako" görüşü qrupun digər oyunu olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Yeganə qolu 82-ci dəqiqədə rəqib qapısına Anderson göndərib. Bu nəticə ilə portuqaliyalılar qrupda ilk qələbəsini qazanıb.

D qrupunda reallaşan "Arsenal" - "Anderlext" qarşılaşması məhsuldarlığı ilə yanaşı sürpriz nəticəsi ilə də diqqət çəkib. Görüşdə ilk qolun müəllifi 25-ci dəqiqədə onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Mikel Arteta olub.  4 dəqiqə sonra Aleksis Sançez baxımlı zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb. 58-ci dəqiqədə "topçular" rəqibi 3-cü dəfə oyuna mərkəzdən başlamağa vadar edib. Çemberleyn topu qapının sağ küncünə yollayıb. Bu qoldan sonra arxayınlaşan London klubu qapısında ardıcıl 3 qol görüb. Əvvəlcə 61-ci dəqiqədə Entoni Vandan hesab arasındakı fərqi azaldıb. 73-cü dəqiqədə bu futbolçu penalti zərbəsindən şansını qaçırmayaraq yerli azarkeşləri növbəti dəfə üzüb. Nəhayət final fitinə az qalmış "Arsenal"ın qapıçısı Aleksandr Mitroviçin zərbəsi qarşısında aciz qalıb. 3:3

Qrupun azərbaycanlı azarkeşlər üçün maraq kəsb edən oyunu "Borussiya Dortmund" və "Qalatasaray" arasında oynanılıb. 39-cu dəqiqədə Dormund kollektivindən Marko Roys Muslera ilə dueldən qalib ayrılıb. 54-cü dəqiqədə Sokratis meydan sahibləri adına ikinci qolu vuraraq komandasının üstünlüyünü bir qədər də artırıb. 69-cu dəqiqədə "sarı qırımızlılar" buraxılan qollardan birinin əvəzini çıxıb. Hakan Balta standart vəziyyətin davamında fərqlənib. Lakin qollarına davam edən almanlar 73-cü dəqiqədə Çiro İmmobile ilə yenidən qol sevinci yaşayıb. 84-cü dəqiqədə avtoqol müəllifi olan Semih Kaya meydan sahiblərinin 4:1 hesablı qələbəsində yardımçı olub.