• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4177
— 04.11.2014 13:33

Futbol üzrə İspaniya La Liqası və İngiltərə Premyer Liqasında son oyunlarla 10-cu tura yekun vurulub

Baş tutan qarşılaşmalarda qonaq komandalar qələbəyə sevinib.

Primeroda "Rayo Vallekano" "Eibar"la qarşılaşıb. Oyunda ilk qol qonaq komandanın aktivinə yazılıb. 37-ci dəqiqədə Arruabarena onbirmetrlik cərimə zərbəsini  dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. 49-cu dəqiqədə "Eibar" futbolçuları fərqi artırıb. Federiko Piovakkari qapıçı ilə dueldən qalib ayrılıb. Meydan sahibləri 67-ci dəqiqədə fərqi minimuma endirib. Len Baptista başı ilə çərçivəni dəqiq nişan alıb. 1 dəqiqə sonra yenidən adını tabloya yazdıran Baptista status kvonu bərpa edib.

Gəl ki, 86-cı dəqiqədə dubl edən Arruabarena "Eibar"a 3:2 hesablı qələbə qazandırıb.

 

İngiltərə Premyer Liqasında "Kristal Pelas" evdə "Sanderlend"i qəbul edib. Bu görüşdə də hesabı qonaqlar açıb. 31-ci dəqiqədə Stiven Fletçer başı ilə fərqlənib. 55-ci dəqiqədə qarşılaşmada tarazlıq yaranıb. Ves Braun topu öz qapısına göndərərək "Kristal Pelas"ın hesabı bərabərləşdirməsinə yardımçı olub. Bununla belə sanderlendlilər yenidən önə keçməyi bacarıb. 79-cu dəqiqədə Xordi Qomes diqqət mərkəzinə düşərək hesabı dəyişib. Görüşün bu hesabla bitəcəyi gözlənildiyi bir vaxtda Stiven Fletçer artırma dəqiqələrində "Sanderlend"in 3:1 hesablı qələbəsini təmin edib.