Bu günə xəbərlərin oxunma sayı: 761
— 22.04.2017 12:10

Ölkədə aqrar sahəyə diqqət artır

Diqqət və qayğı artdıqca isə əldə olunan göstəricilər yüksəlir. Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri- neft ixracatçılarının respublika müşavirəsində səslənən rəqəmlər bunu deməyə əsas verir. Ölkə başçısı ölkəyə daha çox valyuta gətirən sahələrin adını açıqladı və gələcək prioritetlərin seçiminə aydınlıq gətirib.

Bu ilin üç ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Kənd təsərrüfatı məhsullarının ixracında isə 44 faiz artım var. Ölkədə investisiya təşviqi mexanizmi işə salınandan sonra ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulub. İkinci təşviq mexanizmi isə meliorasiya tədbirlərinin gücləndirilməsi istiqamətindədir. Bu il 150 min hektar suvarılan ərazi təsərrüfatçıların ixtiyarına vəriləcək.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Bununla bərabər, keçən il biz “Azexport” portalını yaratdıq. Bu da dövlət tərəfindən atılmış addımdır ki, biz sahibkarların işini yüngülləşdirək. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır".

Bir il  ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunan meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Ölkəyə daha çox gəlir gətirən sahələr sırasında birinci yerdə fındıqçılıq, ikinci yerdə isə pomidor durur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü  yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Qeyd edilən bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib.

Şahin Mustafayev- iqtisadiyyat naziri: "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib".

İndiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər hesabına 51 logistik mərkəzi, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatı, 10 süd emalı zavodu və  digər istehsal müəssisələri yaradılıb. Sahibkarlığın inkişafına ən böyük dəstək isə Aran Regional İnkişaf Mərkəzinin yaradılmasıdır.

Aidə Ramizqızı