Bu günə xəbərlərin oxunma sayı: 669
— 16.04.2017 15:16

İlham Əliyev: “Taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident  çıxışında kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulduğunu və bunun üçün kifayət qədər vəsaitin  ayrıldığını bildirib.  Görülən kompleks tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının həcmi artmalı, daxili tələbat tam təmin edilməlidir.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni, bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır".

Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il isə azot gübrəsi zavodunun istifadəsi planlaşdırılır. Ölkə başçısı yeganə zəif yerimizin taxılçılıq olduğunu xüsusi vurğulayıb və bundan ciddi narahatlığını dilə gətirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də, onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, Bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq".

Qeyd edək ki, hər il idxala dövlət büdcəsindən təxminən 300 milyon manat pul ayrılır.

 

Aidə Ramizqızı