Bu günə xəbərlərin oxunma sayı: 1418
— 16.04.2017 15:11

Ölkədə məhsul bolluğu yaratmaq və aqrar sahənin inkişafı üçün yeni texnologiyaların tətbiqi vacibdir

Ölkədə məhsul bolluğu yaratmaq və aqrar sahənin inkişafı üçün yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Lakin bu sahədəki hazırki mənzərə dünya ölkələri ilə müqayisədə heç də ürəkaçan deyil. Mütəxəssislər bunun bir çox subyektiv və obyektiv səbəblərinin  olduğunu bildirirlər. Bu həftə “Aqronom”da tədarük və təchizat məsələlərinə toxunacağıq. Bu sahədəki ümumi vəziyyətlə bağlı əməkdaşlarımızla birlikdə kiçik bir araşdırma aparmaq qərarına gəldik.

Artıq post neft dövrü başlayıb. Əsas aparıcı qüvvə aqrar sahə seçilib. Bu sektor  diqqətdən kənarda qalmasa da ürəkaçan inkişaf da göstərməyib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı, neft sektorunun ümumi iqtisadi artımda təsirinin xüsusilə gücləndiyi 2000-2010-cu illər ərzində 16,1 faizdən 5,5 faizə enib. 2010-2015-ci illər ərzində isə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı 5,5 faizdən 6,2 faizə yüksəlib. Qlobal trendə uyğun olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı elə də böyük deyil. Dünya üzrə bu göstərici 10%-dən artıqdır.

Nicat Nəsirli- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi: "Bir çox xarici ölkələrdə eyni vahid sahədən bir ildə iki bəzən 3 dəfə məhsul götürürlər. Ancaq Azərbaycan fermeri ildə yalnız bir dəfə məhsul götürə bilir. Bu da onunla bağlıdır ki, bizdə ikinci əkin texnologiyası tətbiq olunmur. Məhsul bir torpaqda iki dəfə yetişdirilə bilər. Amma bu gün bizim fermerlərin innovasiyaya marağının az olması, dəstəyin az olması artıq bu problemi ortaya çıxarır. Bu da nəticədə tələblə təklif arasında ciddi fərqin yaranmasına gətirib çıxarır. Tələbat artır. Amma təklif aşağı düşür”.

2016-cı ilin yekunlarına görə kənd təsərrüfatı məhsullarının ixracından daxil olan valyutamız 426 mln manat olub. Bu rəqəmi dəfələrlə artırmaq potensialımız mövcuddur. Bir şərtlə ki, iri təsərrüfat yaradaraq orada səmərəli işin təşkilinə nail ola bilsək bu sahədə olan mövcud problemlər tam olmasa da qismən aradan qalxmış olar.

Məhərrəm Hüseynov- MM-in eksperti: "Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarının 70%-nin mülkiyyətində olan torpaq sahəsi 3ha-a qədərdir. 17%-nin 3-5ha arasıdır. Biz dedik iri təsərrüfat olmalıdır. 50 ha və ondan çox olanlar isə cəmi 0.4%-dir. Mən əleyhinə deyiləm kiçik təəsrrüfatların olmasının. Çünki onlar birləşib iri istehsal kooperativi yaradır.  Kənd təsərrüfatı məhsulları istehsalçılarına həm praktiki əməli baxımdan göstərilməlidir ki,  istehsal kooperativi onlar üçün nə verə bilər. Bunun hesabına idxalı əvəz edən ixrac yönümlü məhsulların istehsalına biz nail ola bilərik".

Kənd təsərrüfatı əsas etibarilə, ərzaq təhlükəsizliyinin, məşğulluğun təmin edilməsi və ixracın şaxələndirilməsi vasitəsidir. Amma əhalinin bu sahə üzrə məşğulluq səviyyəsi aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə son 5 il ərzində ümumi məşğulluq səviyyəsinin 6,8 faiz artımı müqabilində kənd təsərrüfatında yüksəlmə 2,5 faiz olub.

Tədarük və təchizat məslələrində dolayısı yolla digər bir problem ölkə üzrə boş qalan torpaq sahələridir. Gəncə-Bakı, Gəncə-Biləsuvar yolu boyunca yolun sağında və solunda kifayət qədər boş ərazilərin olduğuna hər birimiz rast gəlirik. Arid iqlimə malik olan bu ərazilərdə müəyyən aqrotexniki qulluq işlərinin aparılması müqabilində əkin-biçin aparmaq mümkündür.

Vüqar Bəşirov- kənd təsərrüfatı mütəxəssisi, aqrar elmlər üzrə fəlsəfə doktoru : "Lakin bu torpaqlar tarixən əkin altında istifadə olunmayıb deyə orda şum qatı- bitkinin kökləri olan qat çox dayazdır. Ona görə çox ehtiyatla şumlamaq lazımdır. Çox dərin şumlasaq əksinə pis nəticələr ortaya çıxar. Kimyəvi cəhətdən meliorasiya olunmalıdır. Digər aqrotexniki tədbirlər yerinə yetirilməlidir ki, o torpaqları hələ biz əkin altına hazırlayaq, yəni sonradan əkin altında olan mədəni torpaqlarımız kimi onunla davransaq bu torpaqlar əksinə daha da şoranlaşar".

Belə torpaqlar heç olmasa 3-4 il müddətində meliorasiya tədbirləri aparılaraq bitki altında gübrələmə şəraitində hazırlana, sonrakı mərhələdə quraqlığa daha davamlı bitkilər- məsələn arpa bitkisi, ardınca isə buğda, və yaxuddaki 3 il yonca bitkisi əkildikdən sonra pambıq əkmək daha yaxşı nəticə verər. Beləliklə, əkinəyararlı torpaqların sahəsinin az oduğu bir ölkədə  istifadəsiz torpaqların sayı azalmış olar. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin 8,64 milyon hektar təşkil edən ümumi ərazisinin 55 faizi ( 4,74 milyon hektarı) kənd təsərrüfatı təyinatlı torpaqlardır. Təyinatından kənar istifadəsi və digər bu kimi problemlər də torpaq resurslarının keyfiyyətinin pisləşməsinə səbəb olur. Qeyd olunanlarla yanaşı kənd təsərrüfatında çalışan şəxslər istehsal etdikləri məhsulu satmaqda çətinliklə qaşılaşması, saxlama anbarları və satış yerlərinin kifayət qədər olmaması, həmçinin ölkədə kəndlinin məhsulunu alan emal müəssisələrinin azlığı çətinlik yaradır.  

Asəf Qasımov- iqtisad üzrə fəlsəfə doktoru: "Kənd təsərrüfatı məhsulları istehsalını son 5 ildə inkişafını ləngidən səbəblərdən biri də əsasən onların məhsul istehsalını həyata keçirdikləri zaman satışı apara bilməməkləridir. Bu baxımdan mərkəzləşmiş satış sisteminin yaradılması gələcəkdə aqrar sahənin, aqrar iqtisadiyyatın, kənd təsərrüfatının ümumi məhsulunun artımına ciddi töhfələr verəcək".

Sadalanan çətinliklərin aradan qaldırılmasına xidmət edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması, rayonlarda çalışan potensial istehsalçılardan məhsulu yerində alaraq mərkəzi anbara, oradan da satınalan təşkialtların ehtiyaclarını qarşılamaq üçün regionlardakı anbarlara daşınmasını təmin edir.

 “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC həmçinin əkinçilərə əkin zamanı maddi köməyin göstərilməsi və hər bir istehsalçıya istehsal etdiyi məhsulun əlində qalmaması üzrə dövlət təminatı verən avans sisteminin tətbiqinə başlayıb. Regionlar üzrə 778 nəfər fermerlə istehsal olunacaq məhsulların tədarük olunması, 509 nəfərlə isə avans verilməklə əkin işlərinin aparılması haqda müqavilələr imzalanıb.

Rza Namazov- fermer: "1998-ci ildən bu pay torpağı verilib. İndiyədək bundan istifadə edə bilmirdim. Eşitdim ki, tədarük təchizat sistemi yaradılıb. Avans verilir. Torpaqda işlər aparmışam. Məhsulun bəri başdan 25%-ni verirlər. Məhsul yığımı bitdikdən sonra bazar qiymətinin 75%-i veriləcək".

Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, ölkədə təqribən 890 min kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçisinin olmasına, habelə yanacaq və motor yağlarına görə verilən dövlət yardımlarını almaq üçün müraciət edən təqribən 370 min kənd təsərrüfatı məhsulları istehsalçısının olmasına baxmayaraq, təqribən 1300 təsərrüfat hüquqi şəxs kimi, 1500 təsərrüfat isə fərdi sahibkar kimi qeydiyyatdan keçib. Qurum yalnız dövlət qeydiyyatından keçən şəxslərlə çalışır.

Aidə Ramizqızı

Jalə Qurbanova

Ayişə İsazadə