Bu günə xəbərlərin oxunma sayı: 1422
— 10.04.2017 13:32

Kürdəmirdə üzüm bağlarının sahəsi genişləndiriləcək

Hazırda Kürdəmirdə 260 hektar üzüm bağı mövcuddur. Bu bağlarda isə sasən süfrə üzüm sortları becərilir. Ötən il 2263 ton məhsul götürən fermerlər bu il məhsuldarlığın daha yüksək olacağı qənaətindədir. Hazırda sahələrdə aqrotexniki işlər görülür. Gələcək planlarda üzüm bağlarının sahəsini daha da genişləndirmək məsələsi var.

Kürdəmirli fermer Azər Babayev 15 hektar sahədə üzüm bağı salıb. Təsərrüfatçı deyir ki, ötən il havaların yağmurlu keçməsi səbəbindən məhsuldarlıq aşağı olub. Bu il isə bağlardan bol məhsul götürəcəyini proqnozlaşdırır.

Azər Babayev-fermer: “Bu il yaxşı olar yəqin ki. Sulamışıq. Ümid eləyirik də, işimizi görürük də,öz işlərimizlə məşğuluq da”.

Kürdəmirli fermerlər hazırda üzüm bağlarında aqrotexniki işlərlə məşğuldur. Təsərrüfatçılar süfrə üzüm sortlarının becərilməsinə daha çox üstünlük verirlər. Ötən il bağlardan yığılan süfrə üzümləri yerli bazarlarla yanaşı, xarici bazarlara da çıxarılıb. Texniki üzümlər isə rayondakı emal müəssisələrinə təhvil verilib. Onlar bildirir ki, əgər məhsuldarlıq yaxşı olarsa bu il  də əldə olunan üzümü satmaq sarıdan çətinlik çəkməyəcəklər.

Əlifağa Ağayev-Emal müəssisəsinin rəhbəri: “Yerli süfrə sortları bazarlarda satılır, Rusiya, Ukraynaya satılır. Texniki sortlar isə emal müəssisələrində emal olunub şərab istehsalına göndərilir”.

Mütəxəssis Əlifağa Ağayev deyir ki, ötən il rayondakı üzüm bağlarından ümumilikdə 2 min 662 ton məhsul götürülüb. Bu il də üzümçülüyün inkişafı istiqamətində bəzi irəliləyişlər var. Əgər qaydalara düzgün əməl olunarsa…

Əlifağa Ağayev- Emal müəssisəsinin rəhbəri: “Keçən ilə nisbətən irəliləyiş var. Onun becərilməsində, aqrotexniki qaydalara düzgün riayət olunmasında nəzərə çarpacaq dərəcədə irəliləyiş var. Bu il ümidvaram ki, keçən ilə nisbətən daha çox məhsul əldə edəcəyik”.

Hazırda Kürdəmirdə 260 hektar üzüm bağı var. Bu bağlarda yerli “Ağadayı” və “Şirvan” sortları ilə yanaşı, Fransadan gətirilən üzüm sortları da yetişdirilir. Fermerlər gələcəkdə yeni üzüm bağlarının salınmasını da planlaşdırırlar. Artıq bu istiqamətdə müəyyən addımlar da atılıb.

Aqil Əsədov