• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3030
— 03.11.2014 18:23

Paytaxtın Yasamal rayonu ərazisində kütləvi dava baş verib

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qanlı hadisə Yasamal rayonun Müzəffər Həsənov küçəsində baş verib.  Münaqişə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakı şəhər sakinləri - Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətilə xəstəxanaya yerləşdirilib. Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna aparılıblar. Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Daha sonra Rəsul Süleymanovu qətlə yetirən və Tofiq Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq tutulub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə kafedə yaranan mübahisə zəminində baş verib. Saxlanılanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Faktı Bakı şəhər prokurorluğu araşdırır.

Zülfiyyə Telmanqızı