Bu günə xəbərlərin oxunma sayı: 833
— 01.04.2017 15:47

GDDT-nin kollektivi festivaldan qayıdıb

KepezTV Player

Türkiyədən beynəlxalq festivaldan qayıdan Gəncə Dövlət Dram Teatrının kollektivi indi də Rusiyadakı festivala hazırlaşır. Bir neçə aydan sonra xaricilərə nümayiş olunacaq tamaşanın artıq məşqləri də gedir. 

Dram Teatr mart ayının 18-dən 27-nə kimi Türkiyənin Merzifon şəhərində keçirilən ənənəvi teatr festivalına dramaturq Əli Əmirlinin “İyirmi ildən sonra” əsəri əsasında hazırlanan tamaşa ilə qatılıb. Əməkdar artist Novruz Cəfərovun quruluş verdiyi səhnə əsərində xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Novruz Cəfərov, aktyorlar Yusif Cəfərov, Rauf Hüseynov, Aysel Şərifova və Emin Salmanov rol alıb.

Novruz Cəfərov- əməkdar artist: “Festivallara qarışmaq teatrın böyük nailiyyətidir. Səni öz şəhərindən kənarda görürlər, sənin imkanlarını qiymətləndirə bilirlər. Bu cəhətdən bu səfər teatrımızın böyük nailiyyəti idi”.

Pərvanə Qurbanova- xalq artisti: “Tamaşamız çox gözəl keçdi, gözəl qarşılandı. Aktyorlarımızın ifasına söz ola bilməzdi. Türk qardaşlarımızın, Azərbaycan qardaşlarını qarşılaması həmişə isti olub, həmişə xoş münasibət olub. Bu dəfə də həmçinin belə oldu. Təəssüratlar çox gözəldi”.

Təqdim edilən tamaşa böyük maraq doğurduğu kimi festival da Gəncə Dövlət Dram Teatrı üçün yeni yaradıcılıq imkanları yaradıb.   
 

Əli Qasımov-Gəncə Dövlət Dram Teatrının direktoru: “Həmin festivaldan bir neçə festivala dəvətlər almışıq. Moskva, Güsrcüstan və Ukrayna teatrlarından dəvətlər göndəriləcək ki, biz həmin ölkələrdə keçirilən festivallara qatılacağıq. 2018-ci ilin oktyabr ayında Moskvada çox möhtəşəm festival keçiriləcək. Moskvada bu ilin iyun ayında böyük bir simpozium olacaq.  Moskva teatrının yubileyi keçiriləcək. O, yubileyə dəvətliyik”.

Teatr dəvətlərdən Moskvada keçiriləcək festivalı dəyərləndirərək baş rejissor İradə Gözəlovanın  quruluş verdiyi Çexovun "Vanya dayı" əsəri üzərində çalışır. Tamaşada institutda professor olduğu müddətdə böyük uğurlar əldə edən, şan-şöhrət qazanan şəxsin qocaldıqdan sonra yaşadıqlarından bəhs olunur. 
 

İradə Gözəlova- quruluşçu rejissor: “Biz tamaşanı elə səpkidə qurmuşuq ki, azərbaycanlı tamaşaçı onu çox gözəl qəbul edəcək. Bir az əsəri özümüzünküləşdirmişik. Mən nəzərdə tutmuşam ki, tamaşa Rusiyada festivallara qatılsın”.

Ramiz Vəliyev- əməkdar artist: “Bu personajlar Çexovun hərəsi bir xarakterini göstərir. Biz işləyərkən çox qəribə indiyə kimi açılmayan bir tərəf açıldı”.

Səhnə əsərinin aprel ayının sonuna kimi təhvil veriləcəyi planlaşdırılır.

 

Elnur Vahidoğlu