• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 03.11.2014 11:43

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları başa çatıb

 Bütün görüşlərin eyni tarixdə reallaşdığı oyun günündə "Neftçi" və "Qarabağ" evdə rəqiblərini böyük hesabla üstələyiblər. "Qəbələ" isə doğma publika önündə "Bakı"nın müqavimətini qıra bilməyib.

"Neftçi" - AZAL qarşılaşmasında hesab 9-cu dəqiqədə açılıb. Eltun Yaqublu topu öz qapısına göndərərək avtoqol müəllifinə çevrilib. 37-ci dəqiqədə "ağ-qaralar" fərqi bir qədər də artırıblar. Denis Silva Kruz qapı önündə yaranan qarşılıqdan maksimum istifadə edib. Arif Əsədovun yetirmələri ikinci hissədə rəqibi daha iki dəfə cəzalandırıb. 71-ci dəqiqədə Nikolas Kanales dirəkdən dönən topu qolla tamamlayıb. Çilili hücumçu 85-ci dəqiqədə dubl müəllifinə çevrilərək "Neftçi"nin 4:0 hesablı qələbəsini rəsmiləşdirib.

Eyni hesabla bitən digər görüş "Qarabağ" və "Araz Naxçıvan" komandaları arasında baş tutub. Oyunda ilk olaraq 15-ci dəqiqədə Muarrem Muarrem rəqib qapıçını da arxada qoyaraq tablonu işə salıb. Birinci hissənin sonlarına doğru Emeqara toru havalandıraraq Ağdam klubunun üstünlüyünü bir qədər də möhkəmləndirib. 50-ci dəqiqədə Reynaldo da Silva möhtəşəm vuruşla Əsgər Abdullayevin komandasını 3-cü dəfə mərkəzə dəvət edib. Braziliyalı futbolçu 62-ci dəqiqədə onbirmetrlik cərimə zərbəsiylə fərqlənərək dublla yadda qalıb. "Qarabağ" 4- "Araz Naxçıvan" 0

"Qəbələ" - "Bakı" qarşılaşmasında isə qalib müəyyənləşməyib. Matçda ilk qol əyalət futbolçularından gəlib. Dodo komanda yoldaşının ötürməsini bir toxunuşla çərçivəyə salaraq "Qəbələ"ni hesabda önə çıxarıb. Ancaq ev sahibləri bu hesabı sonadək qoruya bilməyiblər. Birinci hissənin sonuncu dəqiqəsində Nuran Qurbanov tablodakı rəqəmləri eyniləşdirərək "zolaqlılar"a 1 xal qazandırıb.

2 noyabr (bazar)


19:30.“Qarabağ” – “Araz Naxçıvan” - 4:0 


15:30.“Qəbələ” – “Bakı”  - 1:1 


16:00.“Sumqayıt” – “İnter” - 0:0 


17:00.“Xəzər Lənkəran” – “Simurq” - 2:1 


17:15.“Neftçi” – AZAL - 4:0