Bu günə xəbərlərin oxunma sayı: 761
— 12.03.2017 15:55

Şimal -qərb bölgəsində yaz-tarla işlərinə start verilib

Kənd təsərrüfatı işlərinin uğurla həyata keçirilməsi, istehsalçıların üzləşdiyi hər bir çətinliyin çevik həll edilməsi istiqamətində son illərdə xeyli işlər görülüb və bu işlər uğurla davam etdirilir. Şimal -qərb bölgəsində hazırda yüksək məhsuldarlığa nail olmaq üçün yaz-tarla işlərinə start verilib.

Yazın gəlişi kənd təsərrüfatının inkişaf etdiyi şimal-qərb bölgəsində yaz- tarla işlərini önə çəkir. Hazırda bölgədə yaz- tarla işlərinə hazırlıq mərhələsidir.  Bu mərhələyə xas olan birinci görülməli olan işlərsə taxılçılığın inkişaf etdirildiyi bölgədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləridir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikaya gətirilən və pilot layihə kimi Şəkidə tətbiqinə başlanılan preparatın sınağında yüksək nəticələr əldə edilib. Siçanabənzər gəmiricilərə qarşı tətbiq edilən preparatın bioloji səmərəliliyi rayon bitki- mühafizə mərkəzi tərəfindən ölçülüb və 90 faiz yüksək göstərici alınıb. 

Fındıqçılığın inkişaf etdiyi Qax, Zaqatala bölgəsində isə bağlara qulluq göstərilir. Ötən il fındığın qiymətinin 5 manat civarında olması,bu sahəyə göstərilən qayğı əhalinin fındıqçılığa olan marağına təsirsiz ötüşməyib. Yüksək məhsuldarlığa nail olmaq üçün bağlara xüsusi aqrotexniki xidmət göstərilir, eləcə də yeni bağlar salınır. Yazın gəlişi ilə əlaqədar hazırda sahələrdə qızğın iş gedir.

Fındıq əkini zamanı fermerlər müəyyən aqrotexniki qaydalara əməl edirlər. Hər bir fındıq kolu üçün 4 ədəd sağlam fındıq tingi götürülür. Əkilən ağaclar arasında məsafə isə 6 metrə qədər olmalıdır. Düzgün aqrotexniki qulluq göstərildikdə yeni əkilən fındıq tingi 5 ilə bar verməyə başlayır. Sakinlər məhsulun keyfiyyətini yaxşılaşdırmaq, ağacların uzunömürlülüyünü təmin etmək məqsədilə budama işləri aparırlar. Fındıqçılıqda budamanı payızda yarpaq töküldükdən sonra və yaz gələnədək aparmaq lazımdır. Əks təqdirdə bitkinin böyümə prosesi zəifləyir. Elə bu səbəbdən, təsərrüfatçılar iş başındadırlar.

Təkcə Zaqatalada ötən ilin payız mövsümündə min 560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 419 hektara çatdırılıb. Ancaq bu rəqəmin cəmi 9 015 hektarı barverən bağlardır. Hazırda təsərrüfatçılar mövcud bağlara düzgün, aqrotexniki qaydalara uyğun şəkildə qulluq göstərməklə məhsuldarlığı artırmağı planlaşdırır. Hazırda bölgədə tütünçülük istiqamətində də işlər aparılır. Qəbələ rayonunda da əhalinin bir qismi dolanışığını məhz bu sahədən təmin edir. Rayonda bu il ümumilikdə 65-70 ha ərazidə tütün əkilməsi nəzərdə tutulub ki, bu da bir hektardan 3 tona yaxın quru tütün məhsulu deməkdir. Zaqatala rayonunda isə bu il 700 hektara yaxın sahədə tütün əkilməsi planlaşdırılır.

Hazırda tütün şitili üçün toxumların əkilməsi prosesi gedir. Hər hektar sahəyə güzəştli kreditlərin ayrılması da fermerləri bol məhsul əldə etməyə və yaxşı gəlir götürməyə ruhlandırır.



Aidə Ramizqızı