Bu günə xəbərlərin oxunma sayı: 1422
— 26.02.2017 15:02

Şaxtalı hava və yağan qar aqrar sahə üçün faydalı olub.

Təsərrüfatçılar bu il sahələrdən bol məhsul götürəcəklərini proqnozlaşdırırlar.

Son bir neçə gün ərzində müşahidə olunan şaxtalı hava və yağan güclü qar kənd təsərrüfatına müsbət təsir göstərib. Yevlax rayonunun Səmədabad kənd sakini Asif Qurbanovun sözlərinə görə, müşahidə olunan yağmurlu hava şəraiti taxılçılıq üçün daha çox faydalıdır. Yəni taxılçılığın inkişaf etdirildiyi bölgələrdə bu bitkilər mənfi 10-12 dərəcəyədək davam gətirmək qabiliyyətinə malikdirlər. Aran zonasında isə şaxtanın dərəcəsi o qədər də yüksək olmayıb. Nəticədə düşən yağıntı təsərrüfata öz xeyrini verib. Qar torpaqda rütubətin və nəmliyin toplanmasına gətirib çıxarıb.

Bundan başqa qarın yağması və şaxtalı havaların müşahidə olunması torpaqdakı zərərvericilərin də məhvinə gətirib çıxarır. Onların kütləvi şəkildə qırılması sürətlənir. Bu da fermerlərin işini asanlaşdırır.

Fermerlər bildirir ki, havaların şaxtalı keçməsi taxılla yanaşı, hazırda arat olunan pambıq sahələrinə də təsirsiz ötüşmür. Ötən il 5 hektar taxıl sahəsindən 26 sentner, 15 hektar pambıq sahəsindən 25 sentner məhsul götürən fermer Asif Qurbanov bu il təsərrüfatda məhsuldarlığın yüksək olacağını deyir.

Elçin Baxşalızadə