Bu günə xəbərlərin oxunma sayı: 916
— 26.02.2017 15:04

Şaxtalı hava kənd təsərrüfatına hansı təsiri göstərəcək?

Şimal-qərb bölgəsində  ötən ilin noyabr ayından başlayan soyuq və şaxtalı hava şəraitinin fevralın üçüncü öngünlüyünədək davam etməsi bitkilərin normal nisbi sükunət dövrü keçirməsinə şərait yaradıb.

Aşağı temperaturun davam etməsi bitkilərin, xüsusən də meyvə ağaclarının gec çiçək açmasına səbəb olur ki, bu da onları yaz şaxtalarından qismən mühafizə edir.

Bölgədə dənlilərin səpini ötən il aşağı temperatur və şaxtalı günlərdə həyata keçirilib. Bitkilərin qısa gündə və aşağı temperaturda becərilməsi isə onların şaxtaya davamlılığını yüksəldir. Bitki nisbi sükunət dövrü keçirərkən hüceyrədə lipidlərin, yəni yağabənzər maddələrin əmələ gəlməsi sürətlənir. Əmələ gəlmiş lipidlər protoplazmanın üzərini örtüb, hüceyrəni donmaqdan mühafizə edir.

Soyuğun tez düşməsi taxılın kollanma əmsalını azaldıb. Lakin taxıl toxumlarının soyuğa davamlılığı ilə maddələr mübadiləsi arasında, tənəffüsdə iştirak edən oksidləşdirici fermentlərin fəaliyyəti ilə fotosintezin intensivliyi arasında bioloji rabitənin olması dənli bitkilərin qışı normal keçirməsinə şərait yaradıb.

Mütəxəssis deyir ki, eyni zamanda qışın bu cür uzunmüddətli, şaxtalı keçməsi siçanabənzər gəmiricilərin 25-30% azalmasına, taxıl böcəyi sürfələrinin torpağın daha aşağı qatlarda qışlamasına səbəb olmaqla onların zərərli fəaliyyətini xeyli azaldıb. Hazırda yaz-tarla işlərinə hazırlıq işləri gedir. Bütün aparılan aqrotexiki qulluqlarla yanaşı təbiətin də bizə bol məhsulla nəticələnəcək güzəştlər edəcəyi ümidi ilə ...

Aidə Ramizqızı