• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 01.11.2014 13:05

Abu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin startı Azərbaycan millisi üçün uğurlu alınıb

İlk yarış günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb. Belə ki, komandamızın heyətində ən yaxşı nəticəni 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. O, finalda Amartuvşin Daşdavaaya (Monqolustan) qalib gələrək, komanda yoldaşı İlqar Müşkiyevin revanşını alıb. Çünki monqolustanlı cüdoçu həlledici görüşə gedən yolda təmsilçimizə qalib gəlməsəydi, Abu-Dabidə Azərbaycan finalı olacaqdı.

66 kq çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov da uzun müddətdən sonra medal həsrətinə son qoyub. Lakin finala kimi inamla irəliləyən Dünya Kubokunun sahibi Dmitri Şerşana (Belarus) qalib gələ bilməyib və gümüş medalla kifayətlənib.

Onlarla yanaşı, komandamıza daha bir mükafatı Müşkiyev (60 kq) qazandırıb. Həmyerlimiz 3-cü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa heç bir şans verməyib.

Digər cüdoçumuz Vüqar Şirinli (66 kq) 1/8 finalda uduzub. O, almaniyalı Sebastian Seidllə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, noyabrın 2-də bitəcək “Böyük Dəbilqə”də daha 7 idmançımız gücünü yoxlayacaq.