Bu günə xəbərlərin oxunma sayı: 918
— 19.02.2017 17:00

Fermerlərin daha bir çətinliyi aradan qaldırılır: köhnəlmiş sürücülük vəsiqələri yenilənir

İllərdir kənd təsərrüfatı sahəsində çalışan və texnika işlədən fermerlərin üzləşdiyi problemlərdən biri köhnəlmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi və istifadə etdikləri texnikanın dövlət qeydiyyatına salınması idi. Bəzi sənədlərin hətta sovet dövründən qalması onları tamamilə yararsız edirdi. Yaranan bu problemlərin aradan qaldırılması, eləcə də lizinqə verilmiş kənd təsərrüfatı texnikalarına tətbiq edilən güzəştlərlə bağlı şimal-qərb bölgəsindən məlumatımız olacaq. 

Bütün bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsində Qobustan rayonunda 523 mülkiyyətçiyə 580 adda kənd təsərrüfatı texnikasının lizinqə verilməsinin bilavasitə təsiri var. 

Texnikanı əldə etmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermerlər həmin texnikaların 20% dəyərini ödədikdən sonra 40%güzəşt tətbiqi ilə həmin texnikaları əldə edirlər. Quruma hələ 2008-ci ildə müraciət edərək traktor alan rayonun Təklə kənd sakini Heydər Qaçayev sonrakı illərdə müqavilə əsasında 2 traktor, 2 konbayn əldə edib. 

Balakən rayonunda bu günədək 71-özüyürüyən, qalanları isə qoşqulu olmaqla 129 texnika lizinq yolu ilə mülkiyyətçilərə təqdim olunub. Zaqatala rayonunda isə 13 kombayn, 1 ekskovator, 72 asma-qoşma aqreqat olmaqla 86 texnika lizinq yolu ilə mülkiyyətçilərə təqdim olunub. Lizinqə götürülmüş kənd təsərrüfatı texnikalarına tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilir. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə görülən bu tədbirlərlə yanaşı, eyni zamanda qeydiyyata alınmayan kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması təmin edilir. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanları test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulu təmin edilir.

Şəki rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi öz səlahiyətlərindən istifadə edərək yaratdığı səyyar qrup vasitəsi ilə Şəki, Balakən, Zaqatala, Qax və Oğuzdan olan 100-ə yaxın fermerə xidmət göstərilib. Əksər fermerlər vaxtı bitmiş sürücülük vəsiqəsini yeniləsə də, bəzi fermerlər isə sovet dövründən qalmış və  ya müxtəlif səbəblərə görə, yararsız vəziyyətə düşən sənədlərini dəyişdirmək imkanından yararlanıb. 

Səyyar xidmət qrupu Qax rayonunun Qaxbaş kəndində də olub və kənd təsərrüfatı sahəsində çalışan 20- yə yaxın mexanizator səyyar xidmətdən yararlanıb. 

Səyyar xidmətin növbəti dəfə Oğuzda aparılması planlaşdırılır.