Bu günə xəbərlərin oxunma sayı: 918
— 19.02.2017 17:00

Fermerlərin texnika sarıdan çəkdiyi əziyyətlərə son qoyulub

Fermerlər lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarından və aqreqatlardan normal şəkildə istifadə edirlər.Təsərrüfatçılar deyir ki, texnikaların 40 faiz güzəştlə verilməsi onların işini bir az da asanlaşdırıb.Yeni texnikaların dövlət qeydiyyatına alınması da davam etdirilir. Mexanizatorlar yeni sürücülük vəsiqələri ilə təmin olunur.

Uzun illərdir kənd təsərrüfatı ilə məşğul olan Bərdə rayonunun Buəhmədli kənd sakini Yusif Quliyev istifadə etmək üçün lizinq yolu ilə bir neçə texnika alıb.Bunun nəticəsində fermerin əvvəllər əkin-biçin işlərində texnika sarıdan çəkdiyi çətinliklərə son qoyulub. Ötən il Yusif Quliyev istifadəsində olan əkin sahəsinin 10 hektarında taxıl, 20 hektarında isə pambıq becərib. Bütün aqrotexniki işləri isə lizinq yolu ilə əldə etdiyi texnika və aqreqatlar vasitəsilə gördüyündən əvvəllər sərf etdiyi əlavə xərclərdən də azad olub. Fermer hazırda onlar üçün dövlət tərəfindən yaradılan şəraitdən və güzəştlərdən razı qaldığını bildirir.

Mütəxəssislər deyirlər ki, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və aqreqatlarının ölkəmizə gətirilərək lizinq yolu ilə fermerlərə verilməsi bu sahənin inkişafına müsbət təsir edir. Bu eyni zamanda təsərrüfatçıların texnika çatışmazlığı aradan qaldırılır, aqrotexniki işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə gətirib çıxardır. Nəticədə fermerlər müxtəlif kənd təsərrüfatı bitkiləri becərdikləri sahələrdən yüksək məhsul əldə edir ki, bu da onların gəlirlərinin artmasına şərait yaradır. Həm də fermerlərin kənd təsərrüfatı durmadan artır. Bunun məntiqi nəticəsidir ki, Kənd Təsərrüfatı Nazirliyinə edilən müraciətlərə görə, ötən il «Aqrolizinq» ASC tərəfindən Bərdə rayonu üzrə 220 fermerə  lizinq yolu ilə 500 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası verilib. Texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi isə fermerlərin işini bir qədər də asanlaşdırıb.

Bayram Mustafayev- Bərdə rayon Texniki Nəzarət müfəttişliyinin baş məsləhətçisi: “Kənd təsərrüfatının inkişafında pambıqçılığa böyük maraq var. Keçən il 5 pambıq əkən, bu il 20 əkir. Ona görə də əkinə, traktora, kiməsə pul verib işlədirdisə, indi hər bir fermer gedir özünə bir traktor alır. Lizinq yolu ilə də çox asan verilir, heç bir çətinlik olur. Gedib traktor götürürlər, gətirirlər öz fermer təsərrüfatına. Yalnız bir dənə yanacağa pul verirlər”.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bərdə rayon şöbəsindən bildirilir ki, hazırda lizinq yolu ilə fermerlərə verilən texnikaların dövlət qeydiyyatına alınması işləri də davam etdirilir. Hətta  “Səyyar Xidmət” qrupu tərəfindən fermerlərin və mexanizatorların etibarlılıq müddəti bitən və ya yararsız vəziyyətdə olan sürücülük vəsiqələri yeniləriylə əvəzlənir.

Bayram Mustafayev- Bərdə rayon Texniki Nəzarət müfəttişliyinin baş məsləhətçisi: “Sürücü mexanizatorların vəsiqələrinin dəyişdirilməsi ilə Bərdə rayonunda böyük tədbir keçirilib. Davamlı olaraq yanvar ayında yenə həmin tədbir keçirilmişdir. Gələcəkdə bu tədbirlər davam etdiriləcək”.

Yeni sürücülük vəsiqəsi alanlardan biri uzun illər mexanizator işləyən  Bərdə rayon sakini İradə Məmmədova  deyir ki, sürücülük vəsiqəsini dəyişdirməkdə məqsədi  kənd təsərrüfatı texnikalarından sərbəst şəkildə istifadə etmək isdəməsidir.

Bildirək ki, Bərdə, Ağdam, Ağcabədi, Tərtər və bəzi ətraf rayonlardan olan 115 istifadəçiyə ümumilikdə 2 milyon 886 min 205 manat məbləğində 172 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib. Ümumilikdə isə bu texnikalara 1 milyon 83 min 149 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanıb, güzəşt tətbiq edildikdən sonra 45 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Həmin texnikaların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması da həyata keçirilib.

Elçin Baxşalızadə